access_time Dərc olunub: 18:37
ABŞ-Rusiya yüksək vəzifəli hərbçilərinin Bakı görüşü-ŞƏRH

Ötən gün Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirilib. 


Bu görüşün həm ABŞ, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Daim inkişaf edən Azərbaycan iqtisadi, hərbi imkanları, əlverişli coğrafi şəraiti ilə regionun mühüm əhəmiyyətli dövləti hesab edilir. Azərbaycan bölgənin bir çox ölkələrindən fərqli olaraq, həm ABŞ, həm də Rusiya ilə yaxın əməkdaşlıq münasibətlərini, strateji tərəfdaşlıq əlaqələrinə daim sadiq qalmaqla onun daha da inkişaf etdirilməsinə ciddi səylər göstərir. 


Məhz buna görə də ABŞ və Rusiya prezidentləri Azərbaycanı, onun Prezidenti İlham Əliyevi etibarlı tərəfdaş kimi qəbul edir, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını nümayiş etdirilər.

Dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurmuş Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik üzvlük fəaliyyəti dövründə üzərinə düşən missiyaların və vəzifələrin öhdəsindən uğurla gəldiyini sübuta yetirmişdir. Özü erməni təcavüzünə məruz qalan ölkə olmasına baxmayaraq, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. 


Bütün bunlar dünyanın güc mərkəzlərinin onun paytaxtını görüş yeri kimi seçməsini şərtləndirən digər amillər sayıla bilər.

Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Ölkəmizin həyata keçirdiyi siyasət nəinki regionda, daha geniş coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib. Bütün bunların ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında, əməkdaşlıq əlaqələrinin genişlənməsində danılmaz təsiri olmuşdur.


 Bu baxımdan, Bakının görüş yeri kimi seçilməsinin bu şəhərin sırf coğrafi baxımdan əlverişli ərazidə yerləşməsi ilə bağlanması doğru hesab edilə bilməz. Bəli, bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bölgədə ən təhlükəsiz ölkədir. Məhz bu səbəbdən də görüş üçün Bakının seçilməsi təəccüblü deyil.

Əlbəttə, burada Yaxın Şərqdəki mövcud vəziyyət, Tramp administrasiyanın xüsusilə Rusiya tərəfi ilə mübahisəli məsələlərdə hansısa razılaşmalara nail olmaq istəyi də nəzərdən qaçırıla bilməz. Məlumdur ki, əvvəlki rəhbərlik zamanı ABŞ Rusiya münasibətlərində müəyyən gərginlikliklərin olması, dünyanın müxtəlif regionlarında arzuolunmaz proseslərin yaşanmasına, beynəlxalq təhlükəsizliyin təmin edilməsində problemlərin meydana çıxmasına səbəb olmuşdu. Buna görə də, ABŞ-Rusiya münasibətlərinin normal məcraya yönəlməsi qeyd edilən problemlərin həllini tapacağına, dünyada sabitliyin, təhlükəsizliyin möhkəmləndiriləcəyinə ümidləri artırmışdır. Azərbaycanın bu müstəvidə qazancı ərazi bütövlüyünün təminatına nail olmaq üçün mövcud münaqişənin həllinə cavabdeh Minsk qrupunun həmsədr ölkələri, əsas söz sahibi sayılan ABŞ və Rusiya tərəfindən konkret addımların atılması ola bilər.


Respublika Veteranlar Təşkilatının

sədr müavini, e/o polkovnik Cəlil Xəlilov

Şərhlər