access_time Dərc olunub: 14:24
"NƏTİCƏ NƏ MƏKTƏBİN, NƏ DƏ DİM-İN UĞURU DEYİL "

Son illər ərzində Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə nəzər saldıqda görürük ki, onların demək olar ki böyük əksəriyyəti eyni məktəbin, liseyin məzunlarıdır.


Bildiyimiz kimi, bu ildən etibarən Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında hər bir abituriyentə iki dəfə iştirak etmək şansı verdi. Digər bir yenilik isə ondan ibarət oldu ki, qəbul imtahanları tədris ili başa çatmadan, aprel ayının sonu, may ayının əvvəlində baş tutdu. 


Təhsil eksperti Kamran Əsədov məsələylə bağlı TİA.AZ-a açıqlama verib: “Təhsil adamları düşünürdü ki, bu zaman qəbul imtahanlarında istifadə olunacaq test tapşırıqları şagirdlərin orta məktəblərdə keçdikləri dərslərə qədər düşəcəkdir. Lakin geridə qalmış qəbul imtahanları göstərdi ki, Dövlət İmtahan Mərkəzi bu ehtimalları doğrultmadı. Belə ki, cari ildə keçrilən qəbul imtahanlarında bütün ixtisas quruplarına daxil olan fənlərdən istifadə olunmuş test tapşırıqlarından azı ikisi indiyə qədər keçrilməyən, tədris proqramında mayın sonu, iyunun əvvəllərində nəzərdə tutulan mövzulardır. Belə olan halda çox maraqlı bir vəziyyət yaranır.

Bildiyiniz kimi, bu il, 2017-2018-ci il üçün keçrilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə 1 abituriyent , IV ixtisas qrupu üzrə isə 2 abituriyent hazırda orta məktəbdə oxumasına və tədris proqramını bitirməməsinə baxmayaraq, bütün mövzulardan təqdim olunmuş test tapşırıqlarına doğru cavab verib. Əlbətdə ki, abituriyentlərin yüksək bal toplaması sevindirici haldır. Amma bu onu göstərir ki, qəbul imtahanlarında iştirak edən iddiaçılar imtahanda orta məktrəbdə əldə etdikləri biliklərlə yox, məktəbdən kənar, repititor yanında mənimsədikləri biliklərlə iştirak edirlər. Çünki cavab verdikləri test tapşırığlarının mövzuları hələ onlara tədris olunmayıb, keçilməyib”.

Ekspert deyir ki, bu il qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının ağırlıq dərəcəsi əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı idi. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarındakı test tapşırıqlarını süni şəkildə asanlaşdırıb: “Bütün ixtisas qurupları üzrə istifadə olunmuş test tapşırıqları 2014, 2015, 2016- cı illərdə qəbul və sınaq imtahanlarında istifadə olunub və orta hazırlıqlı abituriyentlər bu suallarla çox yaxından tanış idilər. Bu onu göstərir ki, Dövlət İmtahan Mərkəzi bu ilki qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarına heç bir pul xərcləməyib. Əvvəlki illərin test tapşırıqlarının xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənib. Bu ilki qəbul imtahanlarında iştirak etmək üçün 40 manat ödəmiş 1500 - dən çox abituriyent isə imtahanlarda iştirak etməyib. Halbuki, Dövlət İmtahan Mərkəzi  iddia edirdi ki, bundan sonra qəbul imtahanlarında daha istəkli və hazırlıqlı şagirdlər iştirak edəcək. Düşünürəm ki, asan test tapşırıqlarından istifadəyə səbəb abituriyentlərin sayındakı kəskin azalma və plan yerlərindəki artım ola bilər. Belə ki, keçən il 8 minə yaxın ali məktəblərdə plan yeri boş qalmışdı və Universitetlər Dövlət İmtahan Mərkəzinin fəaliyyətindən narazı qalmışdılar”.


K.Əsədov hesab edir ki, bu il qəbul imtahanlarında Dövlət İmtahan Mərkəzi əsasən keyfiyyətə yox, Universitetlərin plan yerlərinin doldurulasına yönəlmiş fəaliyyət göstərib: “Bu da onu göstərir ki, Azərbaycanda qəbul imtahanları çox çətin bir prosesdir, şagirdlər üçün əlçatan deyil. Bundan başqa Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarını orta məktəb proqramına, dövlətin təsdiq etdiyi tədris cədvəlinə uyğun olaraq yox, repititor proqramına uyğun olaraq, həyata keçirir. Ümumiyyətlə, qəbul imtahanlarında abituriyentlərin əldə etdikləri nəticələr nə Dövlət İmtahan Mərkəzinə nə də ki, orta məktəblərin uğuru deyil. Bu repititor - müəllimlərin əziyyətinin nəticəsidir ki, bu da valideyn, şagirdlərə öz vəsaitləri hesabına başa gəlib. Keçən il, yəni 2016-2017-ci tədris ilində ali məktəblərin bakalavr pilləsinə keçrilən qəbul imtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə də 2 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə, 3 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplamışdı”.


İlahə 

Şərhlər