access_time Dərc olunub: 14:47
QURD BASMIŞ TOYUĞA GÖRƏ MARKETİ 1100 AZN CƏRİMƏ GÖZLƏYİR

“Birliyə broyler toyuqları haqqında bu xarakterdə şikayət daxil olmayıb. Bu hal ola bilər”.


Bunu TİA.AZ-a  “Cənub toyuqları" firmasına məxsus broyler toyuğunu milçək və qurd basması məsələsinə münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. 

Qurum rəhbərinin sözlərinə görə, birliyə broyler toyuqları haqqında az şikayət daxil olur:

“Ola bilər hansısa anbarda saxlanılıb, donu açılıb və qurdanıb, sonradan təzədən dondurularaq, təzə partiyaların içərisinə daxil edilib. Beləliklə, malı istehlakçıya sırımaq istəyiblər. Burda istehlak müddətinin bitməsi artıq hər şeyi deyir. Köhnə malı təzə kimi millətə satırlar. Ölkədə nəzarət olmadığından, biznes qurumlarına toxunulmazlıq statusu verildiyindən bundan sui-istifadə edirlər. Ölkədə təhlükəli qida satırlar.


Təsadüfi deyil ki, bu ilin fevral ayında ölkə prezidenti qida təhlükəsizliyi ilə bağlı agentliyin yaradılması ilə bağlı fərman imzalayıb. Artıq Azad İstehlakçılar Birliyi baş nazirin müavini, işçi qrupunun rəhbəri Əli Əhmədova rəsmi məlumat göndərib. Həmin quruma ictimai nəzarət funksiyalarını yerinə yetirilməsi üçün təkliflər göndərmişik. Çalışırıq ki, bu qurum işə düşsün və təhlükəli qidaların satışına son qoyulsun. İstehlakçı hüquqları kobud surətdə pozulduğuna görə, keyfiyyətsiz mal satmaq maddəsi ilə həmin marketi minumum 1100 azn cərimə gözləyir”.

Qeyd edək ki, sosial şəbəkdə Bakıda mağazada qurd basmış toyuq əti satıldığı yayılıb. Görüntülərdən aydın olur ki, toyuğu milçək və qurd basıb.

Maraqlısı odur ki, toyuq ətinin qabındakı istehlak tarixi də dəyişdirilib.

Məlum olub ki, üzərinə yapışdırılmış kağızda aprelin sonunadək istehlak vaxtı olduğu qeyd edilsə də altında həmin müddətin çoxdan başa çatdığı görünür.

Məhsulun qabından "Cənub toyuqları" firmasına məxsus olduğu anlaşılır.


İlahə  

Şərhlər