access_time Dərc olunub: 14:14
"SAB" KƏSMİKLƏRİNİN TƏRKİBİ NƏDƏN İBARƏTDİR?


Sosial şəbəkələrdə bəzi insanlar istehlakçıları bəzi məhsulların keyfiyyəti ilə bağlı xəbərdar edir.

 

TİA.AZ xəbər verir ki, sosial şəbəkə istifadəçisi Şamxal Məhərrəmov   "SAB" kəsmiyindən şikayət edib. Bildirib ki, qiyməti 1.85 - 1.90 azn olan kəsmik digər kəsmiklərdən 70-80 % baha olsa da tərkibi müəmmalıdır:

"Məqsədim şikayətdən daha çox, bilməyənləri xəbərdar etməkdir. Xəbərdarlığım "SAB" kəsmiklərindən istifadə edənlərədir. Qiyməti də digər kəsmiklərdən 70-80% bahadır:
1.85 - 1.90 manatdır. Çox adam qiymətinə görə daha keyfiyyətlidir deyib alır adətən. Amma tərkibinə diqqət etsək nə görərik ? Cəmi 11 faizi zülaldır. Kəsmikdə yağlılıq az olduqca məntiqlə kütlənin zülal hissəsi əksinə, daha da artmalıdır. Keyfiyyətli kəsmiklərin zülal faizi ən az halda 18-19 olur. 11 qram zülal artıq şübhə doğurur ki, tərkibin əsas kütləsi nəsə başqa bir şeydir.

Məhsulun üzərində tərkibi qeyd olunub. Əslində qismən etiraf edirlər ki, tərkibində təbii süddən əsər-əlamət yoxdur. Cümləyə fikir verin: "Üzsüz təbii süd və ya üzsüz quru süd". Bu nə deməkdir ? Yəni ki, hətta cəmi 1 faizi təbii süd olsa da haqlıdırlar adamlar. Axı "və ya" yazıblar?!
Bəs qalan kütləni nə ilə doldururlar ? Adətən bu tip süni kəsmiklərə kraxmal qatılır. Yuxarıda qismən yazanda əslində bunu gizlətdiklərini nəzərdə tuturdum”, - deyə Ş.Məhərrəmov bildirib.


Onun sözlərinə görə, bunu yoxlamaq üçün sadə yod bəs edir: "Əgər yod əlavə etdikdə rəng daha tündləşərsə (tünd göy, tünd yaşıl) demək ki, tərkibində kraxmal mövcuddur. Hər kəs asanlıqla evdə yoxlaya bilər.
Bundan başqa, digər göstərici isə kəsmik nə qədər hamar və tək formalıdırsa bir o qədər şübhəlidir. Normalda kəsmik dənəvər şəkilli olmalıdır. Tam bir kütlə kimi ola bilməz. Bu da kraxmal və palma yağlarının mövcudluğuna işarədir.
Nə kimyaçıyam, nə hüquqşünas. Adi bir vətəndaş kimi yaxşılıq etmək istədim. Heç kimin də çörəyinə bais olmaq istəmirəm.
Kimin ağız dadına kraxmallı kəsmik uyğundursa yeməyə davam eləsin. Amma nəzərə alın ki, kraxmal kalorini dəfələrlə artırır və qlikemik indeksi də həmçinin. Qısası dietik sayılmır”. 

 


Məsələylə bağlı TİA.AZ Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladı. AİB sədri istehlakçılar tərəfindən onlara “SAB” kəsmiyi ilə bağlı suallar daxil olduğunu qeyd etdi:


“Bizə bu il başlayandan 4 telefon zəngi daxil olub. “SAB”ın camış qatıqları və kəsmikləri ilə bağlı suallar verilir. Əhali  məndən soruşur ki, qatığın üstünə “6 faiz camış südündən istifadə olunub” yazılıb. Bəs 94 faiz onun içərisində nə var? Həm də məndən tərikibini soruşurlar. Deyirlər ki, necə olur ki, o qatığı həftəylə saxlayırsan, xarab olmur. İçərisində 6 faiz süd mövcud olsa da çox dadlı və qaymaqlıdır.


Azad İstehlakçılar Birliyi həmin şirkətə qida təhlükəsizlik nişanı veribdir. Bu Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyinin təşəbbüsü ilə baş verib. Onlar təhlükəsiz qida istehsal edirlər, lakin qidanın tərkibində nə varsa, onu araşdırmaq lazımdır. “SAB” - birmənalı şəkildə dadlı, gec xarab olan, istehsalçını müəmmada saxlayan bir qidadır”. 

İlahə 

Şərhlər