access_time Dərc olunub: 17:36
Aprel şəhidinin atası oğul itkisinə dözə bilmədi – FOTO

Ötən ilin aprelində övladının tabutu bükülmüş bayrağı öpən ata dünən axşam vəfat edib.


Məlumata görə, “Aprel döyüşləri”ndə şəhid olmuş gizir Bəxtiyar Hüseynovun atası Rafael Hüseynov Goranboy rayonunun Qızılhacılı kəndində yaşadığı evdə dünyasını dəyişib.

Mərhumun həmkəndliləri deyiblər ki, şəhid atası oğlunun ilindən bir neçə gün qabaq onun məzarı üstünə gedibmiş. Qayıdanda yolda yıxılıb. Rafael kişinin iflic olduğu deyilir. O, oğlunun ili çıxandan 9 gün sonra vəfat edib.


Şəhid gizir Bəxtiyar Hüseynov 1995-ci ilin 14 iyul tarixində Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da doğulduğu Goranboy rayonunun Qızılhacılı kəndində dəfn edilib. 

Şəhid Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. (modern.az)

Şərhlər