access_time Dərc olunub: 12:13
İLDIRIM TANRISI ZEVS KİM OLMUŞDUR?

Zevs. Qədim yunan mifologiyasında baş Allah... Yox, Allah deməyim. Allah birdir. Baş Tanrı deyim. 



Adı müxtəlif cür səslənmişdi bu baş Tanrının. Zeus... Deus... Diy... Duaus Pater... Zeus Pater... “Pater” latınca “ata” deməkdir. Zevs Pater, yəni Ata Tanrı. Başqa sözlə, Tanrıların atası.

           

 Bütün Tanrılarınmı? Xeyr.Yalnız Olimp dağlarının başındakı tanrıların. Olimpiya tanrılarının. Çünki yunanların inancına görə, ondan öncə atası Kronos kainatın baş Tanrısı imiş, ”titanlar” deyilən tanrılara başçılıq edirmiş, Zevs onun 6 övladından sonuncusuymuş. Kronosdan öncə isə onun atası Uranus baş Tanrı imiş. İlk baş Tanrı o imiş. Kronos ona qarşı qalxıb qalib gəlir və daha heç nə yaratmasın deyə, yaratdığı  bəsdir  deyə  onun  cinsiyyət  orqanını  oraqla  kəsir. Atasını  göylər taxtından endirib  kainata  hakimliyə  sahibləndikdən  sonra  ehtiyat  edir ki, gələcəkdə  öz övladları  da  ona  qarşı  qalxa bilərlər, daha doğrusu  bunu  kahinlər  ona  xəbər  verirlər. Yəni  kainatı  idarə  edən  baş  Tanrı  gələcəkdə  nə  olacağını kahinlərdən öyrənir  və  buna  görə  də  nə  zaman  övladı  doğulursa  onları  udur. Bəli, 5 övladını bu müdhiş qorxu ilə udur. Arvadı Reya təbii ki, buna  görə  əzab çəkir, amma  ərinə  qarşı  dura  bilmir, ona  görə  də  hiyləyə  əl  atır: altıncı  uşağa  hamilə  qalanda  bunu ərindən gizlədir, doğum vaxtı yaxınlaşanda uzaq bir mağaraya gedib körpəsini orada  dünyaya  gətirir. Həmin bu uşağın adına Zevs deyirlər. 


Böyüyəndə  Kronosa  qarşı  mübarizə aparır, bu mübarizədə ona tartarlar da kömək etdikdən sonra , yəni 9 illik mübarizənin sonunda  Zevs, nəhayət, öz atasına qalib gəlir və baş Tanrı taxtına oturur.

Bu  mübarizə  zamanı  Zevs  ilk dəfə  olaraq ildırımlardan istifadə edibmiş, ona  görə də  qüdrətli  Kronosa  qalib  gəlibmiş. O, Tartariyada  əsirlikdə  olan  təpəgözlər  yardımına  gəldikdən  sonra  “ildırımlara”  sahiblənmişdi. Qədim  yunanlar  Zevsi  ya  “labris” deyilən ikiağızlı  balta  ilə, ya  da  yabaya  bənzər  uzun  bir  alətlə  təsvir edirdilər. İldırım  məhz o yabaya  bənzər  silahın  3  dişindən  çıxırmış. Sadəcə, yanar  maye  tullayan  silah  deyilmiş  hər halda, içindən  alov  çıxarkən  barıt partlayışı  kimi böyük gurultu  da  salırmış ki, o alovu ildırıma, şimşəyə  bənzətmişlər. Təpəgözləri  bir zamanlar  Kronos  zəncirləyib  Tartariyaya atmışdı. Kronosla  mübarizənin  qızğın  çağında  Zevsin  anası  görür ki, oğlu  məğlub  olacaq,  ona görə də məsləhət edir ki, təpəgözləri  əsirlikdən  azad  et, onlar olmadan atana qalib gələ bilməyəcəksən, çünki təpəgözlər  dəmirçilik  sənətinin  mahir  biliciləri imişlər. Zevs  də anasının ağıllı məsləhətinə qulaq asır, təpəgözləri əsirlikdən azad  edir, onlar da dəmirçi Hefestin emalatxanasında dəmirdən qeyri-adi silahlar düzəldirlər, o silahlardan ən dəhşətlisi də  “ildırım atan”  olur. Bu  silah  Zevsin  əlinə  keçdiyi  zamandan  ona  “ildırım tanrısı”  deməyə  başlayırlar, ”Zevs  kimə  qəzəblənirsə, onu  ildırımla  məhv  edir” deyirlər. Və  artıq  önündə dura  biləcək  qüvvə  qalmır.

 Qəribədir, bunlar  necə  tanrılardır?!  Hakimiyyət  üstündə  boğuşurlar, oğul  atanın cinsiyyət  orqanını  kəsir, ata  yenicə  doğulan  körpələrini  udur ki, böyüyəndə onu taxtdan salmasınlar, gələcəyi  kahinlərdən  xəbər alırlar, digər  tanrını  məhv  etmək  üçün  döyüş  silahı  düzəldirlər...Ən  əsası  da  budur  ki, tanrı  da  doğularmı?!

Tanrını  aldatmaq  mümkün  olan  şeydirmi?  Özü  də  kainatı  idarə  edən  baş  Tanrını.

Qədim  yunan  mifologiyasında  bu  da  olmuşdur. Məğlub  olmuş  titan  tanrılarından  olan  Prometey  odu  Hefestin emalatxanasından  oğurlayıb  insanlara  veribmiş. Bundan  da qəribəsi  var: Prometey  qurban  kəsdiyi  heyvanın  ətini, yeyilə bilən  içalatını  bir  kisəyə, sür-sümüyünü, piyini  isə  başqa  bir  kisəyə  qoyur, Zevs  yanlışlıqla  sür-sümük  və  piy  olan kisəni  seçir, beləcə  ondan  sonra  bütün  qurbanlıq  ətlərin  yeməli  hissəsi  insanlara  çatır, gərəksiz  hissələri  isə  tanrıların payıymış  kimi  yandırılır. Yəni  Prometeyə  qədər  insanlar  qurbanlıq  heyvanı  bütünlüklə  tanrı  xatirinə  yandırardılar, ətindən  bir  tikə  də  ağızlarına  almazdılar, amma  Prometey  bu  hiyləsi  ilə  Zevsi aldadar, qurbanlığın  qaydasını dəyişmiş olur.                                                            
           

Kainatı  idarə  edən, aləmləri  görən  baş Tanrının  iki  kiçik  kisələrdən  hansında  nə gizlədildiyini  görə  bilməməsi  nə dərəcədə  ağlabatandır  əcəba?!

Zevsin  kimliyini  bəlli  etmək  üçün  öncəliklə  bunu  qeyd  etmək  lazımdır ki, kainatda  heç bir zaman tanrılar, tanrıçalar, ilahlar, ilahələr  olmamışdır. Bir tək Yaradan vardır, Əzəlidir, Əbədidir, Doğmamışdır, Doğurmayacaqdır. Yaradan  zaman  məfhumuha  sığmaz. Əgər  Zevs  doğulmuşdursa, atası, anası, babası, nənəsi varmışsa, demək, zamanın içindədir, zamandan  kənarda  deyildir. Zamana  tabe  olan  bütün  doğulanlar  kimi  bir  gün  o da  mütləq  ölmüşdür. Əgər  doğulmuşdur  və  ölmüşdürsə, demək, kəsinliklə  tanrı deyildir. Bioloji, anatomik  quruluşuna  görə  tamamilə  bizlərdən  biri  olmuşdur. Hansı  bir məmləkətdəsə  qüdrətli hökmdar  olduğuna  görə əgər  təbəələri  ona  tanrı  demişlərsə  və  ya  özü  özünü  rəsmən  tanrı  elan  etmişsə  bu,  sadəcə, o  dövrün  cəhalətinin  qatılıq  dərəcəsinin  göstəricisi  ola  bilər.

                  

 Amma  hansı  cəhalət  dövrünün? Bəşər  tarixində  cəhalət  dövrü  saysız  olmuşdur. Bir  peyğəmbərin  dedikləri  unudulduğunda  yeni cəhalət dövrü başlamış, sonra  yeni peyğəmbər  gəlmişdir, onun  dedikləri  də  unudulunca,  yenə  cəhalət  dövrü  başlamış  və  bəşər içinə  yeni  peyğəmbər  göndərilmişdir. Və  dini  təsəvvürlərə  görə,  elə  bir  xalq  olmamışdır  ki, Allah-Təala   o xalqa  öz  elçisini  göndərməmiş  olsun. Elə  isə  bunca  cəhalət  dövrləri içində Zevsin  hökmdar  kimi  yaşaya  biləcəyi  dövrü  necə  tapmaq  olar?

 Təbii  ki  Zevsin  varlığı  eradan  əvvəl  dördüncü  minillikdən  o  tərəfə  keçə bilməz, çünki o  patriarxal  dövrün, yəni  cəmiyyətdə  bütün  üstünlüklərin  kişilərdə  olduğu  dövrün   hökmdarıdır, bu  dövr  isə  eradan  əvvəl  dördüncü  minillikdən  başlayır. Hər  halda  belə  qəbul  edilmişdir. Məhz  bu  minillikdən  etibarən  Olimp  dağlarından  Zevsin  ildırımlarının  şaqqıltıları  eşidilməyə  başlayır. Amma  nəzərə  almaq  lazımdır ki, yunanlar  Balkanlara  axın-axın  gəlmiş  yəhudilər  və  türklər  tərəfindən  eradan  əvvəl  birinci  minillikdə  vahid  xalq  kimi  formalaşmağa  başlamışlar  və  bütün  qədim  yunan  əfsanələri  yəhudi  və  türk yaddaşıyla  Balkanlara  gətirilmiş  minilliklərin  xatirələrinin  yunan  fantaziyalarıyla  romantikləşməsindən başqa  bir  şey  deyildir. Yəni  Zevs  eradan  qabaq  üçüncü, ikinci  minillikdə  də  yaşaya  bilərdi, sonradan  xəyallarda  onu  nəinki  dördüncü  minilliyə, Olimp  dağlarının təpəsinə, hətta tufandan  öncəki  minilliklərə, Marsdakı  sıra  dağların  başına  da  qoymaq  olardı  qədim  yunan dramaturqlarının  qələmlərinin  ucunda.

Amma  yox. Cəzalandırdığı  Prometeyin  izinə  düşməsəydim  mən  də  onu  eradan  əvvəlki  dördüncü  minilliklə  birinci minillik  arasındakı  bu  böyük  zaman  kəsiyi  içində aramalı  olacaqdım.

             

Öncəki  yazılarımda  göstərmişdim  ki, ”Prometey”  sözündəki  “medhe”  qədim  hind-avropa  dillərində  “öncəgörən, irəlini  görən”  deməkdir. ”Pro”  isə   “Avraam”, “İbrahim”  sözlərinin  təhrif  formasıdır. Peyğəmbərlər  adi  insanlardan  fərqli  olaraq  irəlidə  baş  verəcək  hadisələrdən  xəbər  verə  bilirlər. “Peyğəmbər”  sözünün  farscadan  tərcüməsi  də  “xəbər gətirən”  deməkdir. Prometey, yəni  İbrahim  medhe, Avraam  medhe. Yəni  İbrahim peyğəmbər.      
   
              

 Bir  tək  real tarixi hadisə kifayət edir ki, Prometeyin  məhz  İbrahim  peyğəmbər  olduğu  bəlli olsun. Bu, Allah-Təala  xatirinə  kəsilən  yeni  qurbanlıq  qaydasının  qoyulmasıdır. Həzrət  Nuhun  gəmisi  torpağa  oturduqdan  sonra  Həzrət Nuh  ailəsi  ilə  birlikdə  gəmidən  çıxdığında ilk  gördüyü  iş  onu  və  ailəsini  fəlakətdən  qurtardığı  üçün  Allah-Təalaya  qurban  kəsmək  olur;  heyvanın  başı  kəsilir  və  bütünlüklə  yandırılır. Yəni  ətindən  heç  kim  yemir, heyvan tamamilə  Allah  xatirinə yandırılır. Həzrət  Nuhdan  ta  Həzrət İbrahimə  qədər  qurbanlığın  qaydası  beləcə  də  olur. Amma  Həzrət  İibrahim  Allah-Təalanın  əmrilə  bu  qaydanı  dəyişir;  bundan  sonra   qurban  kəsildiyi  zaman  əti  yeyilir, yeyilməyən  iç  hissələri  və  sür-sümüyü  isə  yandırılır. Prometey  yunan  əfsanələrində  bunu  ilk  etmiş  qəhrəman  hesab  edilir, qəhrəmanlığı  isə  bundaymış  ki, guya  o  bunu  edərkən  tanrı  Zevsi  hiylə  ilə  aldatmışdı. Zevsin  Prometeyə  qəzəblənməsi  bəzi  təsəvvürlərə  görə  Prometeyin  odu  tanrılardan  oğurlayıb  insanlara  verdiyi  səbəbindən  baş  vermişdi. Bəzi  təsəvvürlərə  görə  isə  Zevs  məhz  qurbanlıq  kəsilən  zaman  Prometeyin  onu  aldatdığına  görə  qəzəblənibmiş, buna  görə  də  onu  Qafqaz  dağlarına  zəncirləyibmiş. Bu  daha  ağlabatandır, çünki  əgər  odun  insanlara verilməsi  ilahi  həqiqətin  insanlara  çatdırılması  anlamındadırsa, buna  görə  çoxtanrılar sisteminin  başçısı  olan  Zevsin  qəzəbini  başa  düşmək  olar; insanlar  Yaradanın  tək  olduğunu qəbul  edərlərsə,  Zevsin  “səltənəti”  dağıla  bilər. Amma  odu  birbaşa  mənada  insanlara çatdırmaq  nə  deməkdir? Yer  kürəsinin  bir  çox  yerlərində  bu  günümüzdə  belə,  insan  iştirakı olmadan  da  hektarlarla  meşələr  yanır, ən  modern  texnikalarla  da  o  yanğınları  söndürmək  böyük  problemə  çevrilir. Yəni  insanların  od  əldə  etməsi  üçün  Prometeyə  o  qədərmi  ehtiyacları  vardı?

               

 “Əfsanəvi  Arqo  gəmisinin  sirri”  adlı  araşdırmamda   o  əfsanədəki  Afamantın  da İbrahim  peyğəmbər  olduğunu  yerli-yataqlı  göstərmişəm. Afamantın  qardaşı  oğlunu  Qafqazda  mehribanlıqla  qarşılayan, onu  öz  sarayında  böyüdən, yetkinlik  yaşına  çatanda  öz qızını  ona  verən  hökmdar  Eetin  sarayının  tikintisinidə  Zevsin  oğullarından  dəmirçilik tanrısı  Hefest  də  iştirak  etmişdir... Prometeyi  Zevsin  əmrilə  Qafqaz  dağlarına  zəncirləyən dəmirçi Hefest...Yəni  İbrahim  peyğəmbərlə  Zevs, Hefest  kəsinliklə  eyni  dövrün  adamları  olmuşlar.  

İbrahim  peyğəmbərin  dövrü  haqqında   ziddiyyətli  fikirlər  səslənməkdədir. Bəzən onu  yanlışlıqla  eradan  əvvəl  22-ci, 20-ci  əsrlərə  aid  edirlər, guya  eradan  əvvəl  1940-cı  ildə vəfat  etmişdir. Bu  qeyri-dəqiqlik  səbəbindəndir  ki, görüşdüyü  Misir  fironunu  gah  Üçüncü  Senusert, gah  firon  Rikayon, gah  firon  Pepi  və sairə  olduğunu  qeyd  edirlər. Hətta şumerlər  arasında  yaşadığı  vaxtlarda  onu  oda  atanın  şah Nemrud  olub  olmaması  barədə mübahisələr  vardır. Fantaziyalara  görə  guya  şah  Nemrud  onu  mancanağa  qoyub  tonqala atdırıbmış. Halbuki  mancanağın  bir  döyüş  aləti  kimi  icadı  eradan  əvvəl  beşinci  əsr  hesab  edilir.

                

Ən  doğrusu  budur ki, Həzrət  İbrahim  eradan  əvvəl  3500-cü  illərin  adamıdır  və  175  il  ömür  sürmüşdür. O , şumerlərin  qüdrətli  Ur  şəhərində  Azər  adlı  bir  şumer  qəbilə  sahibinin  ailəsində  anadan  olmuş, böyüdüyündə  təkallahlılığı  təbliğ  etmiş, gildən  bütlər düzəldən  atasına  və  bütlərə  sitayiş  edən   qəbiləsinə  qarşı  çıxmış, günün  birində  məbəddəki  bütləri  qırdığına  görə  oda  atılmaqla  ölümə  məhkum  edilmişdir. Amma  Allah-Təalanın  əmri ilə  od  onu  yandırmamışdır. Sonra, daha  doğrusu  75  yaşı  olanda   o  və  qardaşı  oğlu  Lut  ailələri  ilə  birlikdə  Dəclə-Fərat  çayları  arasını  tərk  edib  qərbə, Aralıq  Dənizi  sahillərinə, Fələstin  torpaqlarına  gəlmişlər. Bir  neçə  il  orada  yaşadıqdan  sonra  quraqlıq  üzündən  aclıq başlamış, ona  görə  də  İbrahim  peyğəmbər  arvadı  Sara  ilə  birlikdə  Misirə  getmişdir.

             Qurani-Kərimdə  Həzrət  İbrahim  haqqında  məlumatlar  Tövratdakından  az  olsa  da,  ən  dəqiqidir. Amma  eradan  əvvəlki  minilliklərdə  Qurani-Kərim  hələ  insanlara  endirilməmişdi, Balkanlara  köç  edən  və  yaddaşlarında  Həzrət  İbrahimlə  bağlı  xatirələrini daşıyan  yəhudilər  isə təbii  ki, ilahi  Kitab  olaraq  yalnız  Tövrata  istinad  edirdilər. Odur  ki, onların  xatirələri  əsasında  yaradılan  qədim  yunan  əfsanələrindəki   Zevs  sirrini  açmaq  üçün   Tövrata   da  müraciət  etməliyəm. Təbii  ki  Tövrata  minilliklər  boyunca  insan  əli  girmiş, o müqəddəs  yazılara  saysız  bəzək-düzəklər  verilmişdir  deyə,  təhrif  olunmuşdur. Amma  mənim  fikrim  o  Kitabda  nəyin  doğru, nəyin  yanlış  olduğunu  bildirmək  deyil  əsla, buna mənim  haqqım  çatmaz. Çünki  Məhəmməd  peyğəmbərin  əhli-Kitab  haqqında  dediklərini  qulağımda  sırğa  eləmişəm. O  demiş  ki, onların  öz  Kitablarından  dediklərini  nə  qəbul  edin, nə  də  inkar: çünki  ola  bilər  onlar  yalan  desinlər  siz qəbul  edəsiniz, ola  bilər  doğru  desinlər  siz  inkar  edəsiniz.

Demək, İbrahim  peyğəmbər  arvadı  Sara  ilə  Misirə  getməli  olur. Misirdə  belə  bir  qayda  vardı  ki, fironun  adamları  harada  gözəl  bir  qadın  görsəydilər  əgər  ərdə  deyilsə,  dərhal  götürüb fironun  yanına  aparardılar. Ərli  qadını  götürmək  qanuna  görə  qadağan idi. Ona  görə  də  qanuna  qarşı  gəlməmək  üçün  arvadı  gözəl  olan  yadelli  əri  hər  an  öldürə  bilərdilər  ki, fironun  yanına  dul  qalmış  gözəli  aparsınlar.  Həzrət  İbrahim  bunu  bildiyindən  arvadını  bacısı  kimi  təqdim  edir. O  zaman  Sara  xanımın  yetmişdən çox  yaşı  olsa  da,  gözəl  imiş, ona  görə   də  onu  dərhal  fironun  sarayına  aparırlar, əvəzində  firon  Həzrət  İbrahimə  çoxlu  qızıl-gümüş, qoyun, keçi, inək, qul-qaravaş  hədiyyə  verir. Amma  az  sonra  fironun  və  sarayın  adamlarının  bədənləri yara  bağlayır. Bunun  Sara  xanıma  görə olduğunu  və  onun  da  Həzrət  İbrahimin  arvadı  olduğunu  bilincə,  firon  dərhal  Həzrət İbrahimi  yanına  çağırtdırır  və  “Bu  nədir  başımıza  gətirdin? Niyə  demədin  ki, o  sənin arvadındı? Arvadını  da  götür, tez  get  məmləkətdən”  deyir. Beləliklə,  son  dərəcə  varlanmış Həzrət  İbrahimlə  Lut  öz  ailələri  ilə  yenidən  Fələstin  çöllərinə  qayıtmalı  olurlar. Və  artıq aclıq  nədir  bilmədən  şad-xürrəm  yaşayırlar. O  qədər  varlanıblarmış  ki, heyvan  sürülərinin otlaq  sahələri  üstündə  çobanları  arasında  tez-tez  mübahisələr  düşürmüş. Sonunda  birbirləinə mane  olmamaq  üçün  Lut  öz ailəsi  ilə  ondan  ayrılıb  sonralar Ölü Dəniz  adı  veriləcək  yerlərdə olan  Sodom  şəhərinə  gedir  və  orada  məskən  salır.

              Fironun  özünü  tanrı  hesab  edirdi. Həzrət  İbrahim  ona  deyəndə  ki, "mənim  Tanrım  adamları  öldürən  və  dirildəndir", firon cavab vermişdi ki, "adamları  öldürən  və  dirildən  mənəm". Onda Həzrət  İbrahim  demişdi  ki, "amma  mənim  Tanrım  günəşi  şərqdən  qaldırır, sən  onu  qərbdən qaldır".

Hökmdar  tanrı... Zevs  o  imişmi ?!

Xeyr, xeyr. Ən azı  ona  görə  ki, o, Həzrət  İbrahimə  yaxşılıqdan  başqa  bir  şey eləməmişdi. Fələstin  torpaqlarındakı  aclıq  illərində  onu  son  dərəcə  varlandırmışdı, yalanının üstünü  açdığında  da  ona  toxunmamış, verdiklərini  əlindən  almamışdı. Sadəcə, onu  Misirdən  çıxartdırmışdı. Üstəlik,  fironların  əllərindəki  hakimiyyət  rəmzi  nə  ikiağızlı  baltadır, nə  də üçdişli  yaba.

Ardı var

Şərhlər