access_time Dərc olunub: 15:11
"GÖZDƏN ƏLİL İNSANLARIN TƏHSİL PROBLEMLƏRİ"

Təhsil sistemində son illər aparılan islahatlar təhsilin inkişafına böyük təsir edir. 


Təəssüfki, cəmiyyətimizdə sağlamlıq imkanları məhdud olan uşaqların təhsil və tədris proseslərində yaşanan çatışmazlıqlar hələ də tam həllini tapmır. 1992-ci ildə Respublikamızda latın qrafikasına keçilməsinə baxmayaraq, karların kiril daktil əl əlifbası hələ də dəyişməz olaraq qalır.   


Təhsil Problemləri İnstitutunun inklüziv təhsil şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Dilarə Dostuzadə TİA.AZ-a bildirdi ki, hazırda kiril daktil əl işarələri lazımi tələbatı ödəmir. Daktil əl əlifbasının dəyişdirilməsinə ehtiyac olduğu halda, bu məsələ hələ də dəyişməz olaraq qalır: “Məktəblərdə əlifbanın yazı işarələri latın qrafikası ilə yazılır, əl işarələri isə daktil kiril əl əlifbası ilə göstərilir. Kar, zəif eşidən və sonradan karlaşmış uşaqların internat məktəblərində apardığımız tədqiqat zamanı gördük ki, latın qrafikası ilə yazıb, kiril əl işarələri ilə daktili göstərmək şagirdləri çətinliyə salır. Yazılış ilə daktil əl işarələri bir-birinə uyğun gəlmir. Bunun üçün latın qrafikalı daktil əl əlifbasını hazırlayıb, 2001-ci ildə müzakirəyə verib, rəy aldım. Lakin nəticə hələ də yoxdu. Karların yeni latın qrafikalı daktil əl əlifbasındakı hərflərin bir qismi kiril əlifbasındaki kimi qalıb, 22 kiril qrafikalı daktil əl işarəsi isə dəyişilib. Köhnələr olduğu kimi eyni şəkildə yazılır, kiril daktil əl əlifbası ilə də göstərilir və eyni cür də tələffüz olunur. 


Məsələn: Aa, Dd, Əə, Ee, Ff, Xx, Kk, M, Oo, Öö. Bu hərflərin yazılışı uşaqlara çətinlik törətmir, kiril əlifbasındakı kimi eyni olsa da vəzifələri dəyişməyib. Latın qrafikalı daktil əl işarələri isə bunlardır. Bb, Cc, Çç, Gg, Ğğ, Hh, İi, Iı, Jj, Qq, Ll, Nn, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Yy, Zz”.


Dərslik problemi


Dərsliklər probleminə toxunan D.Dostuzadə bu problemin Təhsil Nazirliyinin həll etməli olduğunu vurğuladı: “Ali məktəblərdə oxuyan tələbələr üçün, ümümtəhsil məktəblər, kütləvi məktəblər üçün dərsliklər yazmışam, amma dərsliklərin çap olunması problemi var. Bu metodik dərs vəsaitləri məktəbdə müəlliməyə, tələbəyə lazımdı. Amma dövlət tərəfindən çap olunmur. Materialı hazırlayıb, redaktə edirəm, öz  büdcəmdən pul verib nəşr də edirəm. Amma heç kəs almır. Əqli cəhətdən geri qalan uşaqlar üçün əlifba kitabı hazırlamışam. Bu kitab üç il yardımçı məktəbdə, yəni kütləvi məktəbdə istifadə olunmalıdır. Lakin o,  kitabı çap etməyə kömək lazımdır ki, məktəblərə paylayaq. Bunu Təhsil Nazirliyi etməlidir. Bu kitabın üzərində iki ilə yaxın işləmişəm, hər cür material hazırlamışam. 


Amma mən öz hesabıma kitab çap edib məktəbə verə bilmirəm. Bir kitabı rəngli çıxartmaq üçün 50-60 azn vəsait ödəmək lazımdır. Lakin heç bir müəllim kitaba bu qədər pul verib almır. Kar məktəblərin uşaqları üçün ibtidai siniflər həcmində neçə ildi kitablar yazılır: riyaziyyat, nitq inkişafı, oxu dərsliyi, əlifba. Belə uşaqlar kütləvi məktəb proqramı ilə 15 il oxuyurlar. Həmin uşaqlar orta məktəbin 10-cu sinfini qurtarana kimi ibtidai sinif həcmində oxuyurlar. Çünki əqli cəhətdən geridirlər. Eşitməyən uşaqların nitqi yoxdu, söz bazası yoxdu. Nitq  olmalıdır ki, bu uşaq oxuya bilsin.

Həmçinin bir məsələ də var. Karlar üçün yazılmış əlifba kitabını- daktillə, mimikayla, jestlə yazılmış kitabı isə zəif eşidən məktəblərin uşaqlarına veriblər. Zəif eşidən məktəbin şagirdi daktildən istifadə edə bilər, amma jestdən, mimikadan istifadə edə bilməz. Çünki bu uşaqların eşitməsi var. Tam eşitməsələr də, ya bir qulağında, ya da o biri qulağında az da olsa eşitmə var. Biz onlarda eşitmə nitqini inkişaf etdirməliyik. Amma TN həmin məktəblərə kar uşaqlar üçün mimikayla olan kitablar  veriblər ki, bundan istifadə edilsin. Biz istəyirik ki, uşaqlar cəmiyyətə uyğunlaşsın, tam sərbəst danışsın. Həmin uşaqlar bir növ əl -qol işarələrindən, mimikadan istifadə etməyə məcbur olurlar. Amma o uşaqlara qəti mimikadan istifadə etmək olmaz!


Eşitmə qüsurlu şagirdlər iki şöbədə oxuyurlar. Zəif eşidən və sonradan karlaşmış. Həm lal, həm də kar irsi xəstəlikdi deyə çox nadir uşaqlarda olur. Sonradan karlaşmış uşaqlar, əvvəl eşidib, sonradan karlaşanda hədsiz əsəbi olurlar. Kənardan adamların nə danışdığını başa düşmürlər. Onlara çox pis təsir edir. Zəif eşidənlərin nitqini hündürdən danışdırmaqla inkişaf etdirmək olar. Onlarla loqopedik- defektoloji işlər aparılır. Kar uşaqlar təlimə tez uyğunlaşırlar. Çünki onlar eşitmədikləri üçün söz  bazası yoxdur. Amma buna baxmayaraq, sonradan karlaşmış uşaqlardan fərqlənirlər”.


Oxumağa həvəslidilər


“Karlar məktəbinin ibtidai siniflərində təlim işinin gedişində daktil əl əlifbası üzrə dodaqdan oxu əsas yer tutur. Yəni daktillə yazılan sözləri müəllim şagirdlərə əyani olaraq göstərir. Şagirdlər hərflərin necə yazılmasını görür və müəllimlə birlikdə bu hərfləri yazmağa başlayırlar. Daktilə əsasən şifahi nitq tədris edilir.

 Kar uşaqlar səsləri öyrənəndən sonra aydın şəkildə sözləri tələffüz edirlər. Əvvəl əl hərəkətləri ilə, jestlərlə, mimikalarla, sonra isə dodaqdan oxuya keçirlər, səsli oxuya bilirlər. Müəllimə onun üzərində çox işləməlidir.

Normal uşaqlar da bəzən r hərfini y hərfi ilə əvəz edir. Ancaq kar uşaqlarda səs çox təmiz və aydın olur. Burda mütləq səsi düzgün qoymaq lazımdır. Bəzən alimlər deyirlər ki, səsi qoymaq  yox düzəltmək, düz öyrətmək lazımdır. Belə deyil, orda səs qurluşu tamam fərqlidir. Öyrətmək belədir ki, eşidirsən və tələffüz edirsən, amma bunlar eşitmir, onu əl işarəsi ilə, əlini onun boğazının altına və yaxud xirtdəyinə, sinəsinə qoyursan. Uşaq hissiyatla onları başa düşür və tələffüz edir. Sözü öyrənəndən sonra əşyanı görür, göz onun üçün ünsiyyət vasitəsidir. Gözlə ətraf aləmdə gördüklərini, görmə analizatoru ilə idarə edir. 


Məsələn, almanı görür, o bilmir ki, bu almadı. Amma hiss edir ki, yeməlidir. Almanın formasını, rəngini, dadını uşaqlara məktəbdə öyrədirik. Toxunma vasitəsilə görürlər ki, alma bərkdir, lakin rəngini bilmir, biz ona rəngi öyrətməliyik. Biz onun dadının- sulu, bərk, şirin olmasını, bunların hamısını yavaş-yavaş başa salırıq, bu uşaqlarda dərk etmə qabiliyyətini inkişaf etdiririk. Oxumağa həvəsi olanlar sözü öyrənəndə, sözün mənasını dərk edəndə çalışırlar ki, həmin sözü tez yadda saxlasınlar. Beləliklə, öyrənməyə həvəs əmələ gəlir. Həm kütləvi, həm də xüsusi məktəblərdə uşaqlar hər şeyi əyani görəndə daha tez yadlarında qalır”. 

Kar uşaqlar ən çox rəssam və riyaziyyata meyilli olur


“Karlar məktəbində əvvəllər ən çox əmək və rəssamlıqla məşğul olurdular. Uşaqlar dərsdən kənar vaxtlarda fabrik və zavodlara ekskursiyalara aparılırdı. Qızlara tikiş, oğlanlara isə əmək, parta düzəltmək, çilingərlik öyrədilirdi. Əyani görürdülər və öyrənirdilər. Amma indi bunların heç biri yoxdu. Məktəbdə nə material, ləvazimat tapılırsa ondan istifadə edirlər. Məktəblərin çoxusu materialsızdı- stonoqlar, tikiş maşınları yoxdu. İndi əmək dərslərində qızlara tort bişirmək, salat hazırlamaq  öyrədilir. Bu uşaqların rəssamlığa və riyaziyyata meyli daha çoxdur. Satıcı uşaqların bəzilərinin kar uşaqlar olduğunun şahidi oluruq”.

 

  

Brayllsız imtahan

 

D.Dostuzadə deyir ki, gözdən əlillər dərs vəsaiti kimi kütləvi məktəblərin dərsliklərindən istifadə edirlər. Belə ki, gözdən əlillər iki şöbədə oxuyurlar: zəif görənlər və tam görməyənlər: “Tam görməyənlər Brayl əlifbasından istifadə edirlər. Brayl əlifbası nöqtəli əlifbadı. Onunla 6 ay məşq edəndən sonra bütün hissiyat barmaqların ucuna yığılır, sonra barmaqları sürtəndə artıq onlar yaza bilirlər. Darıdan, noxuddan, plastilin kimi materiallardan istifadə edilir. Barmaqlar onların gözlərini əvəz edir. Bir də eşitmə ilə əlaqədar yaxından- uzaqdan gələn səsə görə obyekti müəyyənləşdirə bilirlər. Kar uşaqlarda görmə qabiliyyəti, kor uşaqlarda isə eşitmə qabiliyyəti güclüdür. Zəif görənlər isə böyüdücü gözlüklərdən istifadə edib, kütləvi məktəblərin proqramları ilə oxuyurlar. Azərbaycanda korlar üçün nəşriyyat  var. Brayl əlisfbası ilə kitablar çap edirlər, həm də kütləvi məktəbin kitablarından istifadə edirlər. Ancaq kitabxanalarda ədəbiyyat tapmaq çətindi.

 

Əvvəllər gözdən əlilərin ali məktəblərə girməyənə icazə vermirdilər. Korlardan həmişə orta ixtisas məktəblərinə girənlər olub. Düşünürəm ki, test imtahanları ilə deyil, bu insanları xüsusi imtahansız qəbul etmək yaxşı olardı. Çünki institutlarda Brayl əlifbasını bilən yoxdu. Düzdü şifahi nitqlə danışırlar. Lakin testi verəndə Brayl əlifbası ilə verilsə yaxşı olar. Məktəbi yaxşı qiymətlərlə bitirən şagird, əgər o ixtisasa yiyələnmək istəyirsə onlara bir növ güzəştlər edilməlidir. Onları yenidən  imtahan etmək olmaz. Şahidi olmuşuq ki, xüsusi əl qabiliyyəti olan şagirdi qəbul komissiyası qəbul etməmişdi”.

 

Gözləri barmağında olan insan

 

Təhsil Eksperi Kamran Əsədov da gözdən əlillərin təhsilindən danışaraq bildirdi ki, 2010-cu ildə təhsildə problemi olan insanlar barədə fikir mübadiləsi edən zaman ilkin olaraq fiziki çatışmazlığı olan insanlar ağlımıza gəldi: “Onların təhsil almaları üçün nə edə bilərik deyə fəaliyyətə başlamaq istədim. İlk olaraq Gənclikdə yerləşən 5 saylı Gözdən əllilər üçün internat məktəbinə getdim. Rəhbərliklə danışıb razılaşdıq. Həftədə 3 dəfə təmənnasız dərslərə gəlməyə başladım. Çox çətin idi. Onları normal abituriyentlər kimi hazırlaşdırmaq mümkün deyildi. Baxmayaraq ki, onlar normal abituriyentlərlə eyni yerdə, eyni vaxtda eyni sual kitabçası ilə imtahan verəcəklərdi. Vəsait yox, kitab yox, onlar üçün test yox. Mən onların məktəbinin müəllimi deyildim. Onların metodkasını və psixologiyasını bilmirdim. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi olraq iki il qarda, yağışda, istidə yorulmaq bilmədən çalışdıq. Onlar oxumaq istəyirdi. Cəmiyyətə qatılmaq istəyirdilər. Dərsləri evdə telefonun səsyazma diktafonuna yazıb, dərsdə onların telefonuna köçürürdüm. Onlar da evdə öyrənib gələrdilər. Testləri də dərsdə oxuyardım, onlar da dinləyib düzgün cavabı verirdilər. Beləcə əziyyətimiz bəhrəsini verdi. Biz birlikdə yoxdan var yaratdıq. 8 abituriyent qəbul imtahanlarında 400 dən çox bal toplayaraq ali məktəblərə qəbul oldu. Mən onlara gözləri barmağında olan insan kimi baxırdım. Bundan sonra həmin internat məktəbindəndə kütləvi şəkildə şagirdlər ali məktəblərə hazırlaşmağa başladılar. Qeyd edim ki, onların  Brayl əlifbası ilə vəsaitləri çox azdır. Ali məktəblərə hazırlıq materialları isə yoxdur. Bu istiqamətdə ciddi işlər görmək lazımdır”.

  

Nilufər

 

Şərhlər