access_time Dərc olunub: 15:08
MƏKTƏBLƏRDƏ DAVAMİYYƏTİ TƏNZİMLƏMƏNİN YOLU...

Respublikamıza yağan qar bir çox sahədə çətinlik yaratdığı kimi orta məktəblərdə davamiyyətdə də problemlərə səbəb olub. 


Təhsil Nazirliyinin rəsmi açıqlamasına görə illərdir qar yağan kimi məktəblərdə davamiyyət olmur və ya  aşağı düşür. Bir sinifdə bir neçə uşaq zorla məktəbə gedib çıxa bilir.  

Təhsil eksperti Kamran Əsədov TİA.AZ-a bildirdi ki, hər il qış aylarında hava şəraitinin kəskin dəyişməsi və güclü qarın yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət ümumi təhsil məktəblərində ciddi şəkildə aşağı düşür: “ Burda diqqəti cəlb edən bir neçə nüans var. Birincisi, paytaxt Bakıda məktəblər yaşayış yerlərinə yaxındır və şagirdlərin məktəbə getməsində nəqliyyat problemi bütün hava şəraitində o qədər də yaşanmır. Lakin, valideynlər bəzən ciddi səbəb olmasa belə soyuq hava şəraitində övladlarını dərsdən yayındırırlar. Bəs ciddi nəqliyyat problemi, yolların bərbad olduğu, məktəblərin yaşayış yerindən uzaq olan kənd rayonlarındakı insanlar neyləsin? Regionlarda məktəblilər ağır şərtlərlə dərsə davamlı olaraq gedirlər. İkincisi, bildiyiniz kimi, orta məktəblərdə birinci yarım illiyin bitməsi ilə yanvarın 27-dən başlayan 5 günlük tətil başa çatdı. Yaxşı olardı ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə redaktə xarakterli dəyişiklik edilsin və hava şəraiti normal tədrisin aparılmasına uyğun gəlmədiyi günlərdə orta məktəblər müstəqil şəkildə tədrisi dayandırmaq səlahiyyətinə sahib olsunlar. Hava şəraitinə görə dərslərin dayandırıldığı günlər növbəti həftələrin dərs olmayan şənbə, bazar və bayram günləri ilə əvəz olunsun. Aşağı səviyyədə davamiyyətlə tədrisin davam etdirilməsi o qədər də effektiv deyil. Çünki şagirdlər bu zaman dərsdən geri qalırlar. Hətta bəzən belə havalarda müəllimlər belə dərsə gələ bilmirlər. Lakin onlar proqrama uyğun olaraq bu dərsi keçmiş kimi qeyd edib, dərsə gəldikləri zaman yeni mövzuya keçirlər. Kəskin hava şəraiti bir məsələni də gündəmə gətirir. Bir neçə il bundan əvvəl Azərbaycanda Təhsil Nazirliyi nəzdində elektron təhsil resurslarının yaradılması, fəaliyyəti haqqında fərmanlar verilib və dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Belə hava şəraitində alternativ tədris vasitələrindən istifadə edib, normal tədrisi davam etdirmək olar. Bildiyiniz kimi, sənəd üzərində ilk növbədə dərslərin hamısında müasir texnologiyalardan: ağıllı lövhələrdən istifadə edilir, dərslər prezentasiya şəklində izah olunur, dərslərin daha maraqlı və izahlı keçməsi üçün müəllimlər tərəfindən slaydlar hazırlanır. Neçə illərdir ki, ilin məktəbi, ilin müəllimi müsabiqəsində məktəb və müəllimlər qalib gəlib böyük məbləğdə pullar alırlar. O pullar elektron tədrisin yaradılmasına sərf olunmalı idi ki, şagirdlər dərsə gəlməyəndə məktəbin internet saytına daxil olub, həmən dərsin elektron variantı ilə tanış olmalı, müəllimin dərsini dinləməli idilər. Bəs hansı məktəblərdə bu yaradılıb? Mən təklif etmişəm ki, uşaqlar dərsə getmədən bu layihəni izləsinlər. Sadəcə, hər bir məktəbli dərsdə iştirak etməsinə baxmayaraq, nəsə yadından  çıxa bilər, ev tapşırığını yerinə yetirərkən nəyisə bacarmaz və s. Bu baxımdan həmişə onun ixtiyarında mənim təklif etdiyim yeni layihə «Dərs TV»də istədiyi mövzunun video dərsi olacaq. Şagird bütün fənlər üzrə istədiyi dərsə baxa biləcək və nəyisə başa düşməyibsə, təkrar baxmaq imkanı olacaq. Hətta bir neçə dəfə təkrar qulaq asa biləcək. Müxtəlif səbəbdən dərsi buraxan şagirdlərə «Dərs TV» imkan yaradacaq ki, sinif yoldaşlarından geri qalmamaq üçün proqramdan istifadə edə bilsinlər. Bu layihəyə oxşar hər il bir neçə layihəyə pul ayrılsa da, ortada real heç nə yoxdur. Hesab edirəm ki, hava şəraitinə görə məktəblərdə tətilin davamı haqqına elan verilməsi o qədər də ciddi problemə səbəb olmaz. Çünki dünya təcrübəsində hava şərati şagirdlərin normal dərsə gəlməsinə imkan verməyəndə yerli icra orqanları ilə razılaşdırılma əsasında dərslər dayandırılır”.


NİLUFƏR

Şərhlər