access_time Dərc olunub: 12:04
MÜĞƏNNİDƏN VƏFA ZEYNALOVAYA DƏSTƏK: "BİLMƏDİYİNİ ÖYRƏNƏCƏK"

Ötən gün respublikanın əməkdar artisti Vəfa Zeynalovanın saytların birinə müsahibə zamanı bəzi suallara cavab verə bilməməsi sosial mediada sərt tənqidlərlə qarşılanıb. 

TİA.AZ xəbər verir ki, əməkda artisti sərt tənqid edənlərlə yanaşı onu müdafiə edənlər də olub. Müdafiə edənlər arasında isə diqqəti çəkən "Xalq Ulduzu 5" yarışmasından tanınan müğənni Teymur Qədirov olub. O, aktrisanı müdafiə edərək tənqid edənləri qınayıb: “Tənqid etmək çox asandır, hətta ömründə bir dəfə də olsun kitab üzü açmayan, dünyagörüşü “Tarqovı” küçəsindən, “Bulvar” parkına qədər olan insan hansısa bir akademiki, ixtisasına aid olan və yaxud olmayan suala cavab vermədiyinə görə də tənqid edə bilər. Dəyərli aktrisa Vəfa Zeynalovanı hər kəs, hətta saxta hesabla sosial şəbəkələrə daxil olan insanlar da tənqid edir. Doğrudur, bir neçə sual var idi ki, ən azından o sualların verməli idi, amma suallara cavab verməməsi o qədər də qloballaşdırılacaq bir məsələ deyildi. Ona ilk ünvanlanan çətin sualların Vəfa xanımda “mandraj” yaratdığını açıq-aydın sezmək olur. Hətta o qədər “mandraj”da idi ki, primitiv, Şah İsmayıl xətainin yaratdığı dövlətini adını belə deyə bilmədi. Bu sizcə savadsızlıqdır, yoxsa həyəcan? Orta məktəbdə bir riyaziyyat müəlliməmiz vardı idi. Ali təhsil ocaqlarının birində hazırda dərs deyir. Yüzlərlə tələbəsi mükəmməl göstəricilərə imza atıb. Amma bir gün müəllimənin dərsində direktorumuz qəfil sinfimizə daxil oldu. Xanım müəlliməmiz çox həyəcanlandı. Direktorun sualları onu eynən bu vəziyyətə, “mandraja” saldı. Hətta illərin riyaziyyat müəlliməsi həyəcandan 6 rəqəmini tərsinə, “Ə” kimi yazdı. Axı bu savadsızlıq deyil, bu həyəcandır. Hesab edirəm ki, Vəfa xanım elə bir insandır ki, verilişdən dərhal sonra cavab verə bilmədiyi sualların cavabını axtarıb, tapıb öyrənəcək, səhvini düzəltməyə zaman və imkan tapacaq amma bizim acı sözlərlə vurduğumuz yaranı nə düzəltməyə, nə də zamanı geri çəkməyə heç cür imkanımız olmayacaq. Necə deyərlər bilməmək eyib deyil, öyrənməmək eyibdir. Ümid edirəm ki, Vəfa xanım bunları öyrənəcək”.  

İLAHƏ

Şərhlər