access_time Dərc olunub: 17:52
Ziyalılar Canəli Əkbərovu yıxıb-sürüdü: "Alaq otudur"

Altıncı Muğam Televiziya Müsabiqəsinin seçim turunda münsif kürsüsündə əyləşməyin davasını aparan Canəli Əkbərovun internetdə öz həmkarlarını təhqir dolu ifadələrlə aşağıladığını əks etdirən video görüntüsü yayılıb. 

Videogörüntüdə Canəli Əkbərov öz həmkarları barədə qeyri-etik ifadələr işlədərək, onların sənətdə qazandığı uğurlara, xidmətlərinə kölgə salmağa çalışıb. Məlum videoda Canəli Əkbərovun səsləndirdiyi ifadələr ziyalıların, sənət adamlarının narazılığına səbəb olub.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Fəzail İbrahimli Movqe.az-a açıqlamasında bu sənətkarların hər birinin Azərbaycan musiqisinin, muğamının inkişafında imzası olduğunu söyləyib: “Mən bu qalmaqala qarışmaz istəməzdim. Amma bir məsələni qeyd etmək istəyirəm ki, bunların hamısı Azərbaycan musiqisinin təsssübkeşi olan, musiqi xəzinəmizə öz ifa tərzləri ilə incilər bəxş edən insanlardır. Onların hər birinin musiqimizin inkişafında, tarixində öz dəsti-xətti var. Onlar gərək biri-birilərinin adına-sanına, şəxsiyyətinə hörmət edə, aşağılayıcı ifadələr işlətməyələr. Unutmaq lazım deyik ki, gənclər bu gün bu sənətdə ustadlarından təkcə musiqinin incəliklərini deyil, həm də davranış, əxlaq qaydalarını əxz edirlər. Mənsum İbrahimov səmimiyyətinə, əxlaqına, sənətinə görə el arasında hörmət qazanan sənətkardır. Onlar öz ifaları ilə bu millətin qəlbində özlərinə yer tapıb, seviliblər. Mən çox təəssüf edirəm ki, bizim dəyərli muğam ifaçıları, ustad sənətkarlarımız arasında bu cür arzuolunmaz hadisə baş verib”.
F. İbrahimli deyib ki, musiqiçilər arasında da tarixdə yalnız sənəti ilə şəxsiyyəti vəhdət təşkil edənlər qala, yaşaya bilir: “Etidal deyilən hədd var. Söz deyəndə də heç vaxt bu qırmızı xətti keçmək olmaz. Xüsusilə sənət adamları, xalqın sevilən sənətkarları, muğam musiqisinin inkişafında, təbliğində rolu olan insanlar bu məsələdə diqqətli olmalıdırlar. Biri-birilərini gözdən salan, təhqiramiz ifadələr işlətməyi xalq da onlara yaraşdırmır”.

Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi isə Movqe.az-a açıqlamasında mətbuatı Canəli Əkbərovun videosunu tirajlamaqda qınayıb. S. Kərimi bildirib ki, bu mübahisəni bitirmək lazımdır: “Mənsum İbrahimov Canəli Əkbərovun çox layiqli şəkildə cavabını verib. Mətbuat da gərək bu söhbətin böyüməsinə şərait yaratmasın. Canəli danışır, qoy səhrada Məcnun kimi danışsın. Nəyə lazımdır onun dediklərini tirajlamaq, yaymaq? Ayıbdır vallah. Bilirik ki, bu bir alaq otudur. Muğa ifaçıları kifayət qədər sanballı sənətkarlardır. Bu şou biznes deyil ki, qalmaqal yaratsınlar. Şou biznesdə sənətdən başqa hər şey var. Ermənilər mədəniyyətimizə qarşı iddialar irəli sürürlər. Belə vaxtda bizim bu cür şoulara, qalmaqallara vaxt ayırmağımız düzgün deyil. Unutmayaq ki, düşmən bizim mətbuatı izləyir. Bu qalmaqala son qoymaq lazımdır”.

Şərhlər