access_time Dərc olunub: 11:32
MTN ŞƏBƏKƏSİNİN DAHA BİR ÜZVÜ-AKİM BƏDƏLOV ÇƏTİN DURUMDA - ŞOK DOSYE


Azərbaycan artıq post-neft dövrünə qədəm qoyub. Ancaq çox təəssüf ki, dövlətin qeyri-neft sektoruna ayırdığı milyardlar dollar vəsaitin talan edilməsi ölkə iqtisadiyyatını çıxılmaz vəziyyətə qoyub. 


Məhz dövlətin vaxtında ayırdığı investisiyalar post-neft dövründə büdcə gəlirlərini təmin etməli idi. Mövcüd vəziyyət prezident İlham Əliyevi də narahat edib və dövlət başçısı son çıxışlarında ölkədə ciddi islahatların aparılacağına başlandığını bildirib. Prezident tərəfindən verilmiş son fərman və sərəncamlar da onu göstərir ki, dövlət başçısı yaxın gələcəkdə büdcə vəsaitlərini talan edən məmurlarla haqq-hesab çəkəcək. Prezident dövlət investisyalarını səmərəsiz istifadə olunduğu sahələri bir-bir yoxlamağa başlayıb. Və yoxlamaların nəticəsində həmin sahələrə məsul qurum rəhbərləri ciddi cəzalandırılacaq.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətində yoxlamalara başlanır

Redaksiyamıza daxil olan məlumatlara görə, yaxın günlərdə Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətində yoxlamalara başlayacaq. Yoxlamalar əsasında Akim Bədəlovun rəhbərlik etdiyi şirkətin 2012 - 2020-ci illəri əhatə edən "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"na hansı səviyyədə yerinə yetirdiyi araşdırılacaq.
Məlumat üçün bildirək ki, bu sahədə görülən işlər nəticəsində 2020-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin miqdarı azı 12 faizə çatdırılmalıdır. Fakt isə budur ki, son 4 ildə görülmüş "işlər" dövlət proqramında qoyulan hədəflərin reallaşmayacağından xəbər verir. Səbəb isə bu sahəyə ayrlan milyardlarla vəsaitin səmərəsiz istifadə olunmasıdır.
Təkcə 2014-cü ildə Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə "Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1250000 (bir milyon iki yüz əlli min manat) vəsait ayrılıb. Adı çəkilən QSC-nin Akim Bədəlova məxsus olduğu deyilir. Bu gün Akim Bədəlovun ailəsinin nəzarətində olan «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzin onun ən yaxın adamı, qohumu Asif İsmayılov rəhbərlik edir. Maraqlı məqamlardan biri isə səhmdarı həyat yoldaşı və oğlu olan bir şirkəti necə məmurun rəhbərlik etdiyi dövlət qurumunda podratçı şirkət ola bilər? Qanun bunu yasaqlasa da, Akim Bədəlov buna əhəmiyyət verməkdədir. Bütün bunlar isə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətində çoxlu maliyyə pozuntuların olduğundan xəbər verir. Yoxlamalar sonunda Akim Bədəlovun həbs olunub-olunmayacağını isə zaman göstərəcək.(aztoday.az)
Dövlət agentliyində – büdcə talani

Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlardan ayrılmış vəsait hesabına Agentlik tərəfindən 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa edilən enerji mənbələrindən istifadəyə dair Dövlət Startegiyasının, Agentliyin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və alternativ və bərpa edilən enerji mənbələri üzrə investitsiya və enerji potensialının araşdırılması üçün müvafiq metodik təlimatların hazırlanması işləri başa çatdırılıb. Lakin araşdırmalar zamanı agentlikdə büdcə vəsaitlərinin istifadəsi zamanı külli miqdarda yeyintilərə yol verildiyi də müəyyən olunub. Bununla bağlı tia.az olaraq araşdırmalarımız zamanı məlum oldu ki, Agentliyin saxlanılması ilə əlaqədar büdcə proqnozlarının tərtibi zamanı bir sıra xərclər üzrə real tələbat və əvvəlki illərin icra səviyyəsi nəzərə alınmamış, eyni texniki parametrlərə malik və eyni istehsalçıdan podratçı tərəfindən alınmış günəş panelləri sifarişçinin aldığı günəş panellərinin qiymətləri ilə müqayisədə çox şişirdilmiş – baha olmuşdur. Agentlikdə müddətli əmək müqaviləsi ilə işləyən işçilərə nəzərdə tutulmadığı halda mükafat verilib. Ezamiyyət xərcləri üzrə artıq vəsait xərcinə yol verilib. Araşdırmalar zamanı bəlli olub ki, adıçəkilən Agentlikdə qanunsuz ezamiyyət xərclərinə 200 min 35 manat büdcə vəsaiti «silinib». Bəzi hallarda satınalma metodu tətbiq edilmədən alqı-satqı əməliyyatları həyata keçirilib. Və satınalmalar minimum məbləğ həddinə əməl edilməyərək ayrı-ayrı hissələrə bölünərək həyata keçirilib. Yerinə yetirilməyən işlərin uçota alınmaması nəticəsində 567 min 633 manat vəsait talan edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamlarında alternativ enerji mənbələrinin yaradılması üçün bu sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında təşkilatın seçilməsi və onunla birbaşa müqavilə bağlanması göstərilsə də, bu sahədə təcrübəsi olan şirkətlərin seçilməsi ilə əlaqədar müvafiq prossedurlar gözlənilməyib. Bir halda obyektin layihə-smeta sənədləri tərtib edilmədən və ehtimal olunan qiyməti müəyyən edilmədən tikinti-quraşdırma işləri yerinə yetirilib. Dövlət Büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitin istifadəsi zamanı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində fəaliyyətdə olan 6 məktəbdə və 6 uşaq bağçasında istilik mənbəyi və binadaxili istilik sistemlərinin yaradılması, həmçinin alternativ enerji mənbələrinin yaradıldması obyektləri üzrə tikinti-quraşdırma işlərinin başa çatdırılıb, istifadə olunmasına baxmayaraq obyektlərin istismara qəbulu ilə əlaqədar dövlət qəbul komissiyası yaradılmayıb. Yəni gizli və qanunsuz talan həyata keçirilib. Qəbul komissiyasının «Maliyyə vəziyyəti haqqında hesabat»ın, «Sair uzunmüddətli maliyyə aktivləri haqqında» hesabında başa çatdırılmayan kapital qoyuluşları tam həcmdə aktivlər kimi uçota alınmayıb. Nəticədə 51 min 39 manat isə başa çatdırılmayan kapital qoyuluşları və müvafiq qanunlarla bağlı talan edilib.

Müəmmalı yüksəliş: Kapital, qohumluq və MTN dəstəyi

Onu da bildirək ki, A.Bədəlovun yüksəliş yolu da ilginc məlumatlarla zəngindir. Belə ki, tia.az olaraq bu məsələ ilə bağlı media üzərindən apardığımız araşdırmalar onu göstərir ki, Akim Bədəlov “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini ələ keçirtdikdən sonra dövlətin yuxarı dairəslərində vəzifə sahibi olan bir çox şəxslərlə əlaqəyə girərək, ölkənin müxtəlif rayonlarında iri həcmli tikinti layihə işləri həyata keçirdib. Həmin layihələrdən külli miqdarda qazanc əldə edən A.Bədəlov tədricən dövlətin üst dairələri ilə sıx münasibətlər yaratmağa başlayıb. Onun bu əlaqələrindəəsa fiqurlardan birinin qaynı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun olduğu deyilir. Bildirilir ki, Akim Bədəlovun 2012-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri təyin edilməsində Şahmar Mövsümovun rolu olmasına baxmayaraq, onun əsas havadarı məhz sabiq MTN naziri Eldar Mahmudov və ətrafı olub. Akim Bədəlovun sədr təyinatından bir müddət sonra isə bacısı oğlu Pərviz Vəliyev MTN sıralarında “ildırım sürəti” ilə yüksəlməyə başlayıb. Agentlik sədrinin bacısı oğlunun MTN-nin Hava Limanı İdarəsinin rəisi təyin edilməsi isə heç də təsadüf deyil. O zaman ortaya bir sual çıxır. Akim Bədəlovun bacısı oğlu necə bu vəzifəyə təyin edildi və Eldar Mahmudovun ən etibarlı adamı olmağı necə bacardı? Mənbəmiz məsələni belə nəql edir: Akim Bədəlovla MTN –lə münasibətləri illərə söykənir. Ancaq Eldar Mahmudov MTN naziri təyinatı almamışdan hələ xeyli qabaq Akim Bədəlov Antiteror Mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyevlə general Tofiq Babayevin işçiləri olduğu zamandan bəri münasibətləri yaranıb. Eldar Mahmudov MTN naziri təyinatından sonra ikilinin sürətlə çox mühüm bir idarənin rəhbərliyinə və MTN rəhbərliyi ilə “dərin dövlət” kliçkası adı altında qarşı qarşıya oturması isə artıq onun böyüklərdən biri etmişdi. Bacısı oğlu Pərviz Vəliyev MTN-ə bu qrupun ATM deyilən “dərin idarəsində” stajor kimi fəaliyyətə başlayır. Həmin illərdə MTN adı ölkədə hər kəsdə bir qorxu yaradırdı. Bir müddətdən sonra isə artıq ATM-də “dərin dövlət”in sədaqətli zabitinə çevrilən Pərviz Vəliyev məhz ATM rəhbərliyinin təqdimatı ilə MTN-nin Hava Limanı İdarəsinin rəisi təyin edilir.

SOCARI fəth etmək planı
Mənbəmiz qeyd edir ki, uzaqgörənliyi və hiyləgərliyi ilə Bədəlovlar nəslində birinci olan Akim Bədəlov məhz yüksələn bu vasitəsi ilə MTN rəhbərliyi ilə müəyyən əlaqələr qurmağa başladı. O zaman ortaya başqa bir sual çıxır. MTN-nin yüksək rütbəli rəhbərlərinə çıxışı olan Akim Bədəlov nəyə görə həmin vaxtı onların vasitəsi ilə hansısa bir vəzifəyə təyin olunmadı? İnformasiya mənbəmiz bu suala belə cavab verir: Akim Bədəlov həmin vaxtlar MTN rəhbərliyinin köməkliyi ilə özünün birbaşa tabeçiliyində olan “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin böyük lahiyyələrdə iştirakını təmin etməklə məşğul idi. Adı çəkilər müəsisə vasitəsi ilə milyonluq layihələrdə podratçı təşkilat kimi iştirak edən Akim Bədəlov görülən işləri bir neçə dəfə şişirtməklə hər il külli miqdarda vəsaitlər əldə edirdi. Ancaq 2009-2010-cu illərdə isə artıq Akim Bədəlov yüksək vəzifələrə təyin olunmaq mübarizəsinə qoşulmuşdu. Mənbəmiz onun daha çox Sənaye və Energetika Nazirliyində yüksək vəzifəyə getmək istəyində olduğunu bildirir. Bu işdə ona birbaşa dəstəyi sabiq MTN naziri Eldar Mahmudov səviyyəsində verildiyi deyilir. MTN rəhbərliyi Akim Bədəlovu ilk əvvəl ARDNŞ-də yüksək vəzifəyə yerləşdirmək istəyirdilər. Həmin plana görə A.Bədəlov ilk öncə idarə rəisi qısa müddətdən sonra isə Rövnəq Abdullayevin müavini olmalı idi. Lakin Mahmudov komandasının bu planı lazımı səviyyədə alınmadı və Rövnəq Abdullayev bu planı sıradan çıxartdı. ARDNŞ “sevdası”ndan vaz keçən Akim Bədəlov bu dəfə həmin vaxtlar Sənayə və Energetika nazirliyi olan quruma nazir müavini vəzifəsinə getmək sevdasına düşür. Lakin bu istək də alınmır. Amma Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılacağı məsələsini ortaya çıxmasından sonra Akim Bədəlov həmin qurumun sədri olmaq eşqi ilə alışıb yanmağa başlayır. Bu məsələnin alınması üçün isə qaynı Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovu və MTN rəhbəliyini məsələyə qoşur. Məhz Eldar Mahmudov komandasının sayəsində 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən yaradılan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri vəzifəsinə keçən Akim Bədəlov istəyinə çatır. İstədiyi vəzifəyə təyin olunan Akim Bədəlov 2013-cü ildə Ali Məhkəmənin sədri Ramiz Zeynalovla quda olduqdan sonra özünün gücünü daha da möhkəmləndirir. Hətta Eldar Mahmudov komandasından aldığı “ruh”dan ürəklənən A.Bədəlov yaxın ətrafı ilə olduğu məclislərdə gələcəkdə Agentlikdən daha da böyük vəzifələrə, əsasəndə SOCAR-a rəhbər gedəcəyini dilinə gətirməyə başlamışdı.

Milyonlarla hesablanan kapital

Akim Bədəlovun hazırda Bakı şəhərində 20-dən çox obyektinin olduğu deyilir. Göygöl, Şamaxı, Qax, Quba rayonlarında yay evləri, villalar, Samux rayonunda hektarlarla torpaq sahələri və mal qara fermaları, Bakı şəhərində 10- dan çox evi. Novxanıda dəniz kənarında milyonluq villası, İstanbulda, Londonda və sair daşınmaz əmlaklar. Mənbəmiz qeyd edir ki, Akim Bədəlovun oğlu Aqşin Bədəlov dəyəri 150 min manat olan avtomobildə gəzir. Oğul Bədəlov yay istirahətini Farer adalarında, Tailandda, Kanar Adalarında, Avropanın dəbdəbəli şəhərlərində keçirir. Aqşın Bədəlov dəfələrlə ətrafındakılara deyib ki, İsveçrədəki banklarda adıma 20 milyon dollara yaxın pul var. Akim Bədəlovun qızının hazırda Londonda təhsil aldığı və ordakı evində yaşadığı bildirilir. Bundan başqa Akim Bədəlov digər bacısı oğlu Rizvan Vəliyevi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC-nin sədri təyin edib.
Adı çəkilən qurumda isə dövlətin milyonları necə mənimsənildiyi və dayı-bacı oğlu korrupsiyasını necə etdiklərini, həmçinin ölkənin maliyyə dayanıqlığına ağır zərbə vuran, qanunsuz olaraq milyardlarla vəsaitin xaricə çıxarılmasına şərait yaradan MTN-nin Hava Limanı İdarəsinin yaxınlarda vəzifəsindən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin Akim Bədəlovla hansı ortaqlığa sahib olduqalrını növbəti sayımızda oxucularımıza təqdim edəcəyik. Həmçinin Akim Bədəlovun obyektlərinin ünvanı, bacısı uşaqları ilə şərikli biznesləri və digər qaranlıq işlərinə də işıq salacağıq. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinnin fəaliyyəti ilə araşdırma aparırıq. Şirkətin "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nı necə yerinə yetirdiyi barədə detallı məlumat verməyə çalışacağıq.


TİA.AZ

Şərhlər