access_time Dərc olunub: 10:24
Rusiyadan Bakıya zərbə: İrəvana ən yaxşı ərmağan...

Rusiya hakimiyyəti bu ölkədə fəaliyyət göstərən azərbaycanlıların dünyadakı ən böyük diaspor təşkilatı - Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməyə hazırlaşır. 



Ermənistan hakimiyyətinə və erməni lobbisinə bundan yaxşı hədiyyə ola bilməz.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya məhkəməsində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə keçiriləcək prosesə münasibət bildirərkən qeyd edib. Politoloq vurğulayıb ki, Moskvanın bu addımı Azərbaycanın əleyhinədir.

“Çünki Konqres vaxtilə mərhum dövlət başçısı Heydər Əliyevin xeyir-duası ilə yaradılıb. Hiss olunur ki, Azərbaycan rəsmiləri Konqresin qeydiyyatının ləğvinə hazırlıqdan xeyli narazıdırlar, rusiyalı rəsmilərlə görüşə səfir Polad Bülbüloğlu, Milli Məclisin hüquq komissiyasının sədri Əli Hüseynli gedib...”


Politoloq Rusiyanın demokratik ölkə olmadığı səbəbindən rusiyalı rəsmilərin “Konqresin ləğvi bizlik deyil, məhkəmənin qərarından asılıdır” açıqlamalarına inanmağın mümkün olmadığını da deyib:

“Moskva niyə belə edir? Azərbaycan nə edir ki, bu Kremlin xoşuna gəlmir? Bəlkə TAP, TANAP, Bakı-Tiflis-Qars dəmiryolu xətti və digər Rusiyadan yan keçən layihələr Kremli qıcıqlandırır? Və ya işğal altındakı torpaqların geri qaytarılması məqsədilə cəbhə bölgəsində işğalçıya artırdığımız təzyiqdən narahatdırlar?”

E.Şahinoğlu rəsmi Bakının Rusiya hakimiyyətinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə seyrçi qalmayacağını da bildirib:

“Birinci növbədə rəsmi səviyyədə qeyd edilməlidir ki, qeydiyyatın ləğvi iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək. Bundan sonra isə konkret fəaliyyət planı hazırlanmalıdır. Çünki Rusiya ərazisində Azərbaycan əleyhinə təxribatların sayı günü-gündən artır”.

Qeyd edək ki, ÜAK-nin qeydiyyatının ləğvi ilə bağlı məhkəmə prosesi mayın 15-də Moskvada keçiriləcək.

Şərhlər