access_time Dərc olunub: 18:38
Naxçıvana 5 milyon ayrıldı-Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Zəngin tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də dinamik inkişaf edən Muxtar Respublikada infrastrukturun müxtəlif sahələrində irimiqyaslı layihələr həyata keçirilib, elektrik stansiyaları istismara verilib, yeni yollar çəkilib, müasir sənaye və kənd təsərrüfatı müəssisələri yaradılıb, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm ocaqları inşa olunub, nəticədə minlərlə iş yeri açılıb.

Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində əsaslı abadlıq-quruculuq işləri görülüb, istirahət bağları və parklar salınıb, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılıb, tarixi memarlıq abidələri bərpa edilib.

Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər