access_time Dərc olunub: 18:42
Dollar 2018-də “üzən məzənnə”ni batıra bilər-səbəb

ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabrda keçiriləcək icasında bu il ərzində 3-cü dəfə uçot dərəcəsinin artırılacağı gözlənilir. FED rəhbərinin dəyişməsi, ABŞ iqtisadiyyatının davamlı inkişaf nümayiş etdirməsi analoji qərarların 2018-ci ildə də alınacağına dair proqnozların sayını artırır. Sonuncu belə proqnozla çıxış edənABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankının baş iqtisadçısı Yan Hatsius hətta gələn il FED-in uçot dərəcəsini 4 mərhələdə artıracağını gözləyir. Baş iqtisadçı hazırda ABŞ-da 4,1faiz olan işsizliyin 2018-ci ildə 3,7 faiz, 2019-cu ildə isə 3,5 faizə düşəcəyini proqnozlaşdırır.

Bu vəziyyətdə dolların məzənnəsi bütün dünyada yüksələn xəttlə inkişaf edir. Bu artımın növbəti il ərzində də davam edəcəyi gözlənilir. Bəs Azərbaycanda necə, dolların məzənnəsi artacaqmı? Mərkəzi Bank üzən məzənnə rejimində olan manatın məzənnəsini sabit saxlaya biləcəkmi?


İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, dünya iqtisadiyyatının tarixinə nəzər yetirdikdə, iqtisadi yüksəlişlərin periodik olaraq resessiyalarla əvəz olunduğunu görmək olur: “Bunun ən bariz nümunəsini ABŞ iqtisadiyyatının 60-cı illərdən bəri inkişaf dövrü təşkil edir. Proseslər sanki bir spiral şəklində gedir: enmələr qalxmaları, onlar da enmələri əvəz edir. Bu baxımdan, mənim görüşümcə, ABŞ iqtisadiyyatında 2008-2009-cu il maliyyə böhranından sonra başlayan dirçəliş 2018-ci ildə də davam etdikdən sonra 2019-cu ilin sonlarından durğunluq və resessiya ilə əvəz olunacaq. Amerika iqtisadiyyatında, FED-də oturanlar bunu bizdən qat-qat yaxşı görürlər. Ona görə də “gələn il uçot dərəcəsi 4 dəfə artacaq”, “dolların məzənnəsi bu qədər yüksələcək” kimi tez-tez dövriyyəyə buraxılan proqnozların iqtisadi səbəblərdən çox, siyasi-psixoloji məqsədləri var. Maliyyə bazarlarına, birjalara, transmilli şirkətlərinə təsir elementlərindən biridir. Ötən il demişdilər ki, 2017-ci ildə uçot dərəcəsini 3 dəfə artıracaqlar. Bunun 2-ni ediblər, 3-cünü də dekabrda edəcəklər. Buna 2017-ci ildə iqtidasiyyatın gözlənilən həcmdə artması imkan verdi. Amma 2018-ci il üçün indidən dəqiq demək mümkün deyil, çünki gələn il Amerika iqtisadiyyatı üçün builki kimi olmayacaq”.

P.Heydərov bildirir ki, ABŞ prezidenti Donald Trampın iqtisadi siyasəti bəzi istiqamətlərdə uğursuzluqla üzləşib:“Bundan əlavə, qlobal iqtisadiyyatda artıq ABŞ-ın diqtəsi əvvəlki qədər keçərli deyil. Məsələn, neft qiyməti məsələsində Səudiyyət Ərəbistanı ABŞ-dan fərqli mövqe sərgiləyir. Buna görə də ABŞ iqtisadiyyatının gələn il gözlənildiyi qədər stabil olacağını gözləmirəm. FED rəhbərinin dəyişməsi faktoruna gəlincə, yeni gələn köhnə rəhbərin komandasından olan adamdır. Yəni onun kəskin fərqli yanaşmaya malik olmadığı məlumdur. Bu baxımdan, yeni rəhbərin faiz siyasətində radikal dəyişikliyə gedəcəyi gözlənilən deyil”.



Dolların dünyadakı məzənnəsi və FED qərarlarının Azərbaycandakı məzənnə siyasətinə təsirinə gəlincə, ekspert bunun sıfıra bərabər olduğu qənaətindədir: “Azərbaycanda manatın taleyi heç vaxt birbaşa olaraq FED-in qərarlarından asılı olmayıb, hazırda da asılı deyil, yaxın gələcəkdə də olmayacaq. Əvvəla, ona görə ki, Azərbaycan manatı sərbəst dönərli valyuta deyil. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı potensial nöqteyi-nəzərindən Cənubi Qafqaz regionu iqtisadiyyatının 70 faizini təşkil edir, manat heç bu regionun da aparıcı dönər valyutasına çevrilməyib. Belə bir valyutanın birbaşa olaraq FED qərarlarından asılı olması mümkün deyil. İkincisi, Azərbaycan manatının dəyərinin arxasında duran bilavasitə neftin qiymətidir. Mərkəzi Bank, hansı ehtiyatlara malik olursa-olsun, neftin qiymətinin bir döşəmə həddi var – 35-40 dollar, ondan aşağı düşərsə 3 aydan artıq məzənnəni saxlamaq iqtidarında deyil. Dediyim odur ki, heç bir xarici valyutanın dünya kursundakı dəyişikliyin manatın məzənnəsinə aidiyyəti yoxdur, neftin qiymətindən başqa”.

Müsahibimiz deyir ki, gələn il neftin qiyməti manatın məzənnəsinin sabit qalmasına imkan verəcək həddə olacaq: “Dünyadakı iqtisadi-siyasi tendensiyalar neftin qiymətinin gələn il 60 dollar civarında olacağı gözlənilir. Bu isə Azərbaycan iqtisadiyyatında sabitliyin, manatın məzənnəsinin saxlanması üçün yetərlidir.”

Şərhlər