access_time Dərc olunub: 12:28
"BP-Azerbaijan" şirkətinin prezidenti:"Azərbaycan nəqliyyat infrastrukturunun inkişafı üçün çox böyük iş görüb"

"Bu cür mövzuları müzakirə etmək üçün Azərbaycandan daha yaxşı yer təsəvvür edə bimirəm". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində çıxış edən "BP-Azerbaijan" şirkətinin prezidenti Gəri Cons deyib.

Yeni "Əsrin müqaviləsi"nə toxunan BP rəsmisi mövcud nəqliyyat infrastrukturu haqqında da danışıb: "Azərbaycan hökuməti 10 ildə bütün nəqliyyat infrastrukturunun inkişafı üçün çox böyük işlər görüb. Xəzərdə 270 gəmidən ibarət donanma var, cənab prezidentin BMT tribunasında dediyi kimi, 6 hava limanı var. Həmçinin, gələn il yeni dəniz limanının açılışı gözlənilir".

Onun sözlərinə görə, 2006-cı ilin iyunundan 2017-ci ilin iyununa qədər Bakl-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 2,7 mlrd. barel yaxud 365 mln. ton neft ixrac edilib.

G.Cons Azərbaycanın inkişaf etməsi üçün 3 əsas üstünlüyə malik olduğunu deyib: "Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkədir. Digər tərəfdən, Azərbaycanın coğrafi mövqeyi çox yaxşıdır. Bundan başqa, nəqliyyat və digər infrastruktura malikdir. Məhz bu üstünlüklər Azərbaycanın inkişafını və əhəmiyyətini şərtləndirir".

BP rəsmisi təmsil etdiyi qurumun Azərbaycanın inkişafına töhfə verməsindən məmnun olduğunu qeyd edib.
TİA.AZ

Şərhlər