access_time Dərc olunub: 15:33
Rusiya şokda - Olimpiadadan kənarlaşdırıldı,15 milyon ödəməlidir

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında dopinq qalmaqalı ilə bağlı Rusiya yığmasının 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində  keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub. 

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə BOK-un saytında yerləşdirilmiş məlumatda bildirilir.

Qeyd olunur ki, oyunlarda Rusiya bayrağının dalğalandırılmasına və Rusiya himninin səsləndirilməsinə qadağa qoyulub.

Həmçinin bildirilir ki, oyunlarda olimpiya bayrağı altında yalnız “təmiz” (doppinq qalmaqalında adları hallanmayan) rusiyalı idmançılar iştirak edə bilərlər.

Qərara əsasən, Rusiya baş naziri Vitaliy Mutko Olimpiadada iştirakdan ömürlük məhrum olunub. 

Analoji sanksiyalar keçmiş idman naziri Yuriy Naqornıxa da şamil olunub.

2014-cü ildə Soçi şəhərində keçirilən Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etmiş Dmitriy Çernışenko 2022-cü ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının əlaqələndirmə komissiyasının tərkibindən çıxarılıb. 

Eyni zamanda, Rusiya anti-dopinq qaydalarının pozulması hallarının araşdırılmasına çəkilmiş xərclərin ödənilməsi üçün Müstəqil Anti-dopinq Komissiyasına (ITA) 15 milyon dollar ödəməlidir.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2018-ci il 9-25 fevral tarixlərində keçiriləcək.

Şərhlər