access_time Dərc olunub: 16:28
Akademiyada EV DAVASI: Narazı alimlər qərarın ləğvini istəyir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ev bölgüsü narazılıq yaradıb. 


Belə ki, Yasamal rayonu Şərifzadə- 12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasında yaşayan 50-dən çox ailə ev bölgüsündən narazıdır. 


Cebhe.info xəbər verir ki, onlar ölkə başçısından pozulmuş hüquqlarının bərpa edilməsində yardım istəyiblər.

Məlumat üçün bildirək ki, yataqxanada yaşayan 118 ailə 5 il bundan öncə prezidentə müraciət edib. Yataqxanada acınacaqlı vəziyyətdə yaşayan sakinlərin ölkə başçısına müraciətindən sonra prezidentin göstərişilə həmin ünvanda yaşayan 118 ailənin mənzillə təminatına dair iş başlayıb. “Evro Story-S” MMC ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb. Bakı şəhər İcra Hakimiyyətinin dekabrın 19-da 2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu Şərifzadə -12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasının həyətindəki 0.66 hektar torpaq sahəsi “Evro Story-S” MMC-yə bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin (118 ailə) 65 kvadratmetrdən az olmayaraq mənzillə təmin olunmaları şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib.

Həmin podrat müqaviləsinin 1.3 maddəsində qeyd olunur: ““Podratçı” Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi öz üzərinə götürür”. Müqavilədə açıq şəkildə yazılıb ki, tikinti şirkəti öz hesabına bu yataqxanadakı sakinlər üçün mənzillər tikib AMEA-ya təhvil verəcək.

Sakinlərin Cebhe.info-ya verdiyi məlumata görə, bu il iyunun 13-də sakinlərin hamısına məlumat vermədən gizli şəkildə 54 sakinə mənzil bölgüsü aparılıb. Şikayətçilər iddia edir ki, yerdə qalan digər mənzil alacaq sakinlərin hüquqlarını kobud şəkildə pozulub:

“Hazırda yataqxananın həyətindəki ərazidə layihə üzrə nəzərdə tutulan 4 ədəd 16 mərtəbəli binanın yerində 5 ədəd bina tikilib təhvil verilib. Yataqxananın təxminən 3-4 metr yaxınlığında tikilən yeni binaların inşası zamanı hüquqlarımızın pozulmasına göz yummuşuq. Bu müddət ərzində tikintinin toz-torpağından və səs-küyündən əziyyət çəkmişik və çəkirik. Acınacaqlı şəraitdə yaşadığımız yataqxana mənzilləri isə günəş işığının qarşısının tam alınması səbəbindən nəmlənib və kiflənib. Bu şəraitdə 5 ilə qədər bir müddətdə yaşamağımız özümüzün və ailə üzvlərimizin səhhətinə ciddi zərər vurub”.

Yataqxanada yaşayanlar deyir ki, hüquqlarının pozulmasına göz yummalarının tək səbəbi yeni tikilən binada mənzillə təmin olunmaq olub:

“Amma iyunun 13-də 2017-ci ildə AMEA rəhbərliyinin verdiyi ədalətsiz qərar ölkədə həssaslıqla qorunan haqq və ədalətə olan güvənimizi kökündən sarsıtdı. Belə ki, AMEA çox ədalətsiz bölgü apararaq bir qrup sakini evlə təmin edib”. Sakinlər iddia edir ki, onlara verilməli olan mənzillər mənimsəndiyindən orada yaşayanların yarısı mənzil almaq hüququndan məhrum edilib: “İyunun 14-də Prezident Aparatından tapşırıq verilməzinə baxmayaraq, Akademiya rəhbərliyi bizləri kobud  qarşıladı və narazı sakinlərlə görüşdən qəti şəkildə imtina edildi”.

Sakinlər qeyd edir ki, aparılmış bölgü 20 ildən artıq AMEA-da işləyən alimlərin və orada yaşayanların mənzil almaq haqlarını pozub:

“Bizə məlum olmayan səbəblərdən AMEA-da yarımştatla işləyən və çox qısa iş stajına malik sakinləri yüksək sahəli evlərlə təmin ediblər. Halbuki, hazırda AMEA-da tam ştatla işləyən yataqxana sakinləri bu bölgüdən kənarda qalıb. Hüquqları pozulmuş yataqxana sakinləri tələb edirik ki, iyunun 13-də 2017-ci ildə AMEA rəhbərliyinin keçirdiyi “şou” xarakterli mənzil bölgüsü qeyri-qanunu hesab edilsin və verilmiş qərarlar tamamilə ləğv edilsin. Tələb edirik ki, AMEA-nın hazırki mənzil komissiyası tam tərkibdə ləğv edilsin, yeni mənzil komissiyası yaradılaraq, AMEA-nın “Aspirantlar” yataqxanasında yaşayan 118 ailə həmin ərazidə mənzillə təmin olunsun. Möhtərəm cənab prezidentin bu məsələdə həssaslıq göstərərək yataqxana sakinlərinin Akademiya rəhbərliyi tərəfindən pozulmuş hüquqlarını tam bərpa edəcəyinə çox böyük ümid edirik”.

Qeyd edək ki, iyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup əməkdaşına ev verilməsi barədə rəsmi məlumat yayılıb. Məlumatda bildirilir ki, ev verilən şəxslərin sayı 54-dür. Ev verilən alimlərin sayı açıqlansa da, onların adları açıqlanmayıb. AMEA-nın mətbuat xidməti mənzil alan alimlərin siyahısının açıqlanmasının qeyri-mümkün olduğunu bildirib.


P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər