access_time Dərc olunub: 16:23
Zənginlərin fahişə qızları, arvadlarını piştaxta altında satan kasıblar

“Heç bir yerə bağlılığı, keçmişi olmayan, bəlli nüfuzlu, amma maddi vəsaitə ehtiyacı olan gözəl qız pul qarşılığında hər şeyini verməyə hazırdır”. 


XXI əsrdə qəzetdə belə bir elanı görsək, təəccüblənərik. Hələ üstəlik əlaqədar orqanlara həmin qəzetdən şikayət də edərik. Amma təsəvvür edin, belə elanları XIX əsr qəzetlərindən rahatlıqla, təəccüblənmədən oxumaq olardı. Buna səbəb isə Çar Rusiyasında seks biznesinə icazə verilməsi idi. Hətta “satılıq məhəbbət”dən dövlət vergi də tuturdu! Eynən müasir Avropadakı kimi seks ticarəti azad və dövlət nəzarətində idi.


Publika.az bildirir ki, XVIII əsrə qədər Rusiyada fahişəlik qadağan idi. Hətta 1736-cı ildə ələ keçən fahişələrin asılaraq edam olunmaq təhlükəsi vardı. Amma imperatriça Yelizavetanın dönəmində artıq ilk “Ümumi ev” yaradıldı, üstəlik gözdəniraq bir yerdə deyil, Peterburqun mərkəzində, cah-cəlallı malikanədə fəaliyyət göstərirdi. Düzdür, tezliklə bu “yuva”nı bağlamalı oldular, çünki bir neçə yeniyetmə qızı ora aldadaraq gətirmişdilər.
 


Lakin sonralar belə “Ümumi ev”lərin sayı getdikcə artmağa başladı. “Yelbeyin imperatriça” adını almış Yelizavetanın özü azad sevgiyə açıq olduğu üçün təbəəsində olanlar da şəhərdə yağışdan sonra göbələk kimi artan belə evlərin mövcudluğuna göz yummalı oldular. Hətta hakimiyyəti ələ almış sərt I Pavel də ümumi evlərin xüsusi sakinlərinə normal yanaşır, sadəcə onları adi qadınlardan fərqləndirmək üçün ictimaiyyət arasına sarı paltarda çıxmaqla bağlı tələb qoyurdu. Məhz buna görə Rusiyada uzun müddət ailələr gənc qızlarına sarı paltar geyinməyi qadağan edirdilər. (Maraq üçün deyək ki, türk xalqlarında əksinə, sarı paltar məsumluq, bakirəlik rəmzi idi. Hətta milli mahnılarımızda, bayatılarımızda “Sarıköynək qız” deyəndə məhz gəlinlik yaşda olan, bakirə qız nəzərdə tutulur. Pavelin bundan xəbəri vardımı, bəlli deyil. Amma vardısa da, bəlkə müsəlman türklərini alçaltmaq məqsədi güdə bilərdi.)

1843-cü ildə çar Rusiyasında fahişəlik tamamilə leqallaşır, hətta bununla bağlı qanun müddəaları da hazırlanır. Belə ki, “Ümumi ev”lər yalnız polisin icazəsi ilə açıla bilərdi. Buraya 16 yaşdan aşağı qızları gətirmək qadağan idi. Evi idarə edən qadının yaşı isə ən azı 30, ən yuxarı 60 ola bilərdi. Bazar günləri və dini bayramlarda müştəriyə xidmət qadağan idi.


Bundan başqa qadınlar həftədə iki dəfə tibbi müayinədən keçməli idilər. Həmçinin kurtizan qadınların pasportları əlindən alınır, əvəzində müvəqqəti sarı vəsiqə verilirdi. Bu vəsiqə onların hansı işlə məşğul olduğuna dair rəsmi dəlalət idi.

Yüngül əxlaqlı qızların hüquqlarına dair qanunlar da tətbiq olunurdu. Qızlar qazandığı pulun 3-də birini özlərinə götürürdülər. Amma geyim və akssessuarları özləri almalı idilər. Hətta “Ümumi ev”də yediyi yeməyə görə də gəlirindən müəyyən hissə ödəməli olurdu. Bununla belə qaldığı və işlədiyi evdəki şəraitsizliyə görə polisə şikayət edə bilərdi, özünə münasib şərait təmin etməyə haqqı vardı. Ona görə də gözəl qızların əksəriyyəti belə evlərə düşmək üçün əldən gedirdilər. Çünki çox qızların bəxti də gətirirdi – zəngin kişilərin himayəsi altında yaşayır, fərdi evə, karetaya sahib olurdular.

Xalq arasında bu cür qadınları “Vəsiqəli qızlar” deyə adlandırırdılar. Bu qızların hətta hesab kitabçası da vardı. Harada, hansı saatda kimdən nə qədər pul aldığı kitabçada qeyd olunurdu. “Ümumi ev”lərə, əsasən əyalətlərdən gələn gözəl qızlar alınırdı. Ancaq onların arasında yaxşı təhsil almış şəhər qızları da olurdu. Aldığı təhsilə baxmayaraq, çətin şəraitdə işləyib, az pul qazandığına görə bu rahat peşəyə üstünlük verirdilər. 1889-cu ilin statistikasına görə, ölkənin fahişələrinin 70%-i əyalətlərdən gələn kasıb qızlar, 13,7%-i normal gəlirli ailələrdən çıxmış təhsilli qızlar, 7%-i isə zəngin ailələrin qızları idi. Sonuncular müxtəlif kişilərlə zövq xatirinə bu peşəni seçirdilər. Müqayisə üçün deyək ki, Peterburq və Moskvada kurtizan qadınla bir saatlıq görüş 10-15 rubl, bir gecə 20 rubl, evə çağırış isə 25-30 rubl idi. Amma həmin dövrdə kiçik zabitin aylıq gəliri 35 rubl, müəllim 25 rubl, feldşer 40 rubl, fəhlə 15-16 rubl alırdı.

Ərzaq qiymətinə də nəzər salaq: 400 qr-lıq qara çörək 3 qəp, ağ çörək 10 qəpik; 100 yumurta 3 qəpik, 500 qr. çay 3 qəpik, bir kq. ət 15 qəpik, bir pud yağ (16,38 kq) – 12 qəpik idi.


Fahişələr təhsilli insanlardan, hərbçilərdən daha çox qazanınca, sıravi xalq arasında da bu işə meyli artmağa başladı. Xüsusilə də tənha, dul qadınlar özlərini satışa çıxarırdılar. Amma onların əksəriyyəti cazibədar geyimli və gözəl görünüşlü olmadığı üçün ən yaxşı halda 1-2 rubl pul ala bilirdilər. Yenə də az pul sayılmazdı, başlarında nəzarətçi olmadığına görə pullar tamamilə özlərinə qalırdı. Hətta ayda bir dəfə təsərrüfat məhsullarını yarmarkaya çıxaran kəndli kişilər də arvadlarını özləri ilə bəzəyib gətirirdilər. Müştəriyə piştaxta altındaca xidmət göstərilirdi, pul isə əlbəttə ki, evin “rəis”inə verilirdi. İnsanlar bunu çarəsizlikdən, kasıblıqdan etdiklərini deyirdilər. Amma çoxları, xüsusən də balıqçılar elə təsərrüfat məhsullarından da yaxşı gəlir götürdükləri halda arvadlarını bazara çıxarırdılar. Hər halda artıq gəlir heç kimin başını yarmırdı. Təbii ki, məsələyə polis qarışmasaydı... Əgər belə hallar hüquq orqanlarının diqqətini çəksəydi, nəinki arvadın qazandığından, hətta ümumi qazancdan da kişi məhrum ola bilərdi.


Elə şəhərlərdə də ağır işlərdən yorulan ailələr çox vaxt gözəl qızlarını beləcə satışa çıxarırdılar. Amma onlar “Ümumi ev”lərə qızlarını göndərmək istəmirdilər. Çünki “Vəsiqəli qızlar” damğalı olduğu üçün sonralar ailə qura bilmirdilər. Amma “ev qızlar”ı gələcək ərini başqa bəhanələrlə aldadıb ərə gedə bilərdi. Belələri qəzetdə özünəməxsus elanlar verirdilər: “Gənc və gözəl qız münasib pul müqabilində yaşlı kişinin himayəsinə girmək, ona sevgisini vermək istəyir”. Yaşlı kişilər gələcək həyata maneə olmurdular, çünki həm ömürlərinə çox qalmırdı, həm də cavanlardan fərqli olaraq qısqanclıq təhlükəsi yaratmırdılar. Ona görə də qızlar yaşlı və imkanlı kişiləri hədəfləyirdilər.

Polis nəzarəti altında olmayan fahişəlik nəticəsində tezliklə imperiyanı zöhrəvi xəstəliklər bürüdü. 1910-cu ildə sifilis xəstəliyindən 50%, 1914-cü ildə isə 76% insan əziyyət çəkirdi.


Xəstəliklərdən qorunmaq üçün tez-tez qəzetlərdə həkim tövsiyələri dərc olunur, prezervativlər məsləhət görülürdü. Amma artıq pul xərcləmək istəməyən fərdi fahişələr tezliklə gözəlliklərindən, hətta canlarından olurdular.

1917-ci il inqilabından sonra Rusiyada fahişəlik rəsmən qadağan olundu. Bolşeviklər rahat peşə nümayəndələrini hamı kimi ağır işlərin dalınca göndərdilər. Oraq-çəkic belə xanımların da “aksessuarına” çevrildi. 1922-ci ildə bədən ticarəti yenidən maddi çatışmazlıq səbəbindən baş qaldırsa da tezliklə bu təşəbbüs yatırıldı.

Qeyd edək ki, XXI əsr Rusiyasında da “Ümumi ev” yaratmaq cəhdi həbslə nəticələnir. Fahişəliklə məşğul olan qadınlar da qanun qarşısında cavabdehdirlər.

Şərhlər