access_time Dərc olunub: 10:35
Yəhudi bayramı, Klaranın sevgi günü, yoxsa qədim peşə...

8 mart qadınlara sevgi və hörmət bayramıdır. Eyni zamanda 8 mart rəsmi bayramlar arasında ən yaxşı bayramlardan sayılır. 


Bu bayram əvvəlcə siyasi çalarlar daşıyıb və bahar, sevgi və ehtiram rəmzi yox, mübarizə günü olub. Qadınlar kişilərlə ailədə, həyatda, seçkidə bərabər hüquqa malik olmaq üçün mübarizə aparıblar. Bəs bu bayram necə yaranıb?


TİA.AZ ölkə.az-a istinadən 8 mart bayramının yaranma tarixi ilə mövcud olan versiyaları təqdim edir.


Rəsmi versiya: Zəhmətkeş qadınların həmrəylik günü


Bu versiyaya əsasən, 1857-ci ildə Nyu Yorkda toxuculuq fabriklərində işləyən qadınlar "boş qazanlar marşı" adlı yürüş keçiriblər. Zəhmətkeş qadınlar maaş azlığından və çətin iş şərtlərindən şikayət ediblər. Maraqlıdır ki, o dövrə aid mətbuat səhifələrində belə bir yürüş barədə məlumat yoxdur. Tarixçilər müəyyənləşdiriblər ki, 1857-ci ilin 8 mart tarixi bazar gününə düşürmüş. Bazar günü iş yerində tətilə çıxmaq qəribədir.

1910-cu ildə Kopenhagendə keçirilən qadınlar forumunda alman kommunisti Klara Setkin 8 martı beynəlxalq qadınlar günü kimi təsis etməyi təklif edib. Onun fikrinə görə, bu gün qadınlar cəmiyyətin fikrini problemlərinə yönəltmək üçün mitinqlər və iğtişaşlar keçirməli idilər. Bu tarix bir çoxumuza məlumdur. İlk illər 8 mart öz hüquqları uğrunda mübarizə aparan qadınların beynəlxalq həmrəylik günü adlanırdı. 8 mart günü isə toxuculuq fabrikində çalışan qadınların tətilə çıxdığı gün sayılırdı, amma tarixdə belə bir hadisə olmayıb. Əslində, belə bir hadisə olub, amma etiraz mitinqi keçirən toxuculuq fabrikinin qadınları olmayıb.

SSRİ məkanına bu bayramı Setkinin rəfiqəsi, inqilabçı Aleksandra Kolontay gətirib. Aleksandranın bir frazası məşhurdur: "Qarşına çıxan ilk kişi ilə yatağa girmək bir stəkan su içmək kimi asandır". Bu bayram SSRİ-də 1921-ci ildən qeyd edilir.


İkinci versiya: Yəhudi versiyası - yəhudi çariçasının mədhi


Tarixçilər hələ də Klaranın yəhudi olub-olmadığı barədə ortaq fikrə gələ bilmirlər. Bəzi tarixçilərin fikrinə görə, Setkin çəkməçi bir yəhudinin ailəsində dünyaya gəldiyini, bəziləri isə müəllim işləyən bir almanın qızı olduğunu bildirirlər. Amma Setkinin 8 martı Purim yəhudi bayramı ilə əlaqələndirməsi onun yəhudi olmasından xəbər verə bilər.


Klara qadınlar gününü yəhudi xalqının tarixi ilə əlaqələndirmək istəyib. Əfsanəyə əsasən, fars çarı Kserksin sevgilisi Esfir yəhudi xalqını əziyyətdən qurtarıb. Kserks bütün yəhudiləri qırmaq istəyirdi. Amma Esfir şahı inandıra bildi ki, yəhudiləri öldürmək lazım deyil, əksinə, farslar da daxil olmaqla bütün yəhudi düşmənlərini məhv etmək lazımdır. Bu hadisə yəhudi təqvimi ilə 13 Arda günü baş verib. Arda ayı fevralın sonu, martın əvvəlləri başlayır. Esfiri mədh edən yəhudilər Purim bayramını qeyd etməyə başladılar. Bayram tarixi dəyişirdi, bu səbəbdən 1910-cu ild 8 mart gününə təsadüf etdi.


Üçüncü versiya - qədim peşənin qadınları


Üçüncü versiya ən qalmaqallı və qadınların zəhləsini aparan versiyadır. 1857-ci ildə Nyu York şəhərində həqiqətən qadınların etiraz mitinqi keçirilib. Amma bu qadınlar toxuculuq sahəsinin işçiləri yox, fahişələr olub. Qadınlar onların xidmətlərindən istifadə edən, amma ödəniş edə bilməyən matroslara maaş verilməsini tələb ediblər.

1894-cü ilin 8 mart tarixində Parisdə də fahişələr mitinq keçirdilər. Bu dəfə onlar zəhmətkeş qadınlarla eyni hüquqa malik olmağı və xüsusi həmkarlar ittifaqlarının təsis edilməsini tələb etdilər. Eyni hadisə 1895-ci ildə Çikaqoda, 1896-cı ildə Nyu Yorkada baş verdi. Bu səbəbdən Setkinin təklif etdiyi kimi, 1910-cu ildə 8 mart günü beynəlxalq qadınlar günü kimi təsis edildi.


Klara özü də bu tip aksiyalar keçirirdi. Məsələn, 1910-cu ildə rəfiqəsi Roza Lüksemburq ilə birlikdə alman şəhərlərində fahişələri aksiyaya çıxararaq polis azğınlığının qarşısını almağı tələb edirdilər.


Başqa versiya


Klara alman və beynəlxalq fəhlə hərəkatının fəalıdır. Bir çoxlarının fikrinə görə, Klara həyatında siyasi mübarizədən başqa heç nə olamayan və kommunist və fəhlə hərəkatının “boz siması”dır. Əslində isə Klara Setkin maraqlı insan və yaraşıqlı qadın olub. Bu versiyaya əsasən, Klara alman müəllimin qızıdır. Pedaqoji təhsili başa vurduqdan sonra o dövrün əksər gəncləri kimi müxtəlif siyasi dərnəkləri ziyarət edib. Burada gələcək həyat yoldaşı Osip Setkinlə tanışı olur. Alman hökuməti Osipi siyasi baxışlarına görə ölkədən qovur. Gənc cütlük Parisə yerləşir və evlənirlər. Klaranın Maksim və Konstantin adlı iki oğlu dünyaya gəlir. Gənc ailə Parisdə də inqilabi fəaliyyətlərini davam etdirirlər. Karl Marksın qızı Laura Lafarq və Fransa fəhlə hərəkatının digər nümayəndələri Klaraya bu işi öyrədirlər.


Klara və Osip Parisdə təsadüfi qazanc hesabına yaşayırlar. 1889-cu ildə Osip dünyasını dəyişir. Klara 1890-cı ildə Almaniyaya qayıdır və Roza Lüksemburq ilə birlikdə alman sosial-demokratların sol qanadını təmsil edir.

Klaranın şəxsi həyatında sonralar dəyişikliklər baş verir. O, gənc rəssam Georq Tsundelə aşiq olur və görüşməyə başlayır. Rəssamın əsərləri yaxşı satıldığı üçün cütlük yaxşı yerdə ev və maşın alır. Mənbələrin məlumatına görə, Lenin bu evdə qalmağı xoşlayırmış.


Klara “Bərabərlik” qəzetini redaktəsi ilə məşğul idi. Bu qəzetin maliyyəsini Robert Boş (elektrotexnika nəhəngi) verirdi. Qəzet çox məşhur olduğu üçün tezliklə Klara Setkin Almaniyanın ən tanınmış sosialistlərindən birinə çevrilir. Təbii ki, bu səbəbdən də 1910-cu ildə Kopenhagendə baş tutan qadınların beynəlxalq konfransında iştirak edir. Klaranın konfransdakı təklifi barədə yuxarıda qeyd etmişik.

Beləcə Klaranın səyi nəticəsində 8 mart tarixi qadınlar günü kimi 1913-cü ildən müntəzəm olaraq qeyd edilməyə başladı.


Klaranın sonrakı həyatı


1914-cü ildə Klara rəssamla ayrılır. Setkin müharibənin əleyhinə idi. Amma gənc əri könüllü surətdə cəbhəyə yazılır və müharibəyə gedir.

Müharibədən sonra Klara 1933-cü ilə qədər Reyxstaqın deputatı olur, sol cəbhədə mübarizəni davam etdirir. Müntəzəm olaraq Sovet İttifaqına səfər edir. Hitler hakimiyyətə gəldikdən sonra Klara SSRİ-yə köçür.

Klara uzun müddət əri ilə boşanmır. 1928-ci ildə isə cütlük rəsmən boşanır və rəssam sevgilisi Paula Boş, yəni Robert Boşun qızı ilə evlənir.

Klaranın oğlu Konstantin 22 yaşı olanda 36 yaşlı Roza Lüksemburqun sevgilisi olur. Nəticədə Roza ilə Klara arasında münasibətlər pozulur. Amma gənc rəssam Klaranı tərk edəndə Konstantin də Rozanı tərk edir və rəfiqələr yenidən barışırlar.

Klara 1933-cü ilin 20 iyun tarixində Arxangelskdə dünyasını dəyişib.


Başqa bir versiya - 8 rəqəmi


8 mart bayramı 1914-cü ilin 8 mart tarixindən qeyd edilir. Məhz bu gün özündən 18 yaş kiçik ərindən ayrılan Klara Setkin və sevgilisi tərəfindən tərk edilən Roza Lüksemburq bir-birinin ağuşunda ovunublar. Rozanın sevgilisi isə Klaranın böyük oğlu idi. Məhz bu səbəbdən bu iki qadın konfransda 8 mart tarixini bayram kimi təklif edirlər. 8 rəqəmi elə-belə seçilməmişdi. Digər rəqəmlərə nisbətən 8 rəqəmi daha çox qadın bədənini xatırladır.

Şərhlər