access_time Dərc olunub: 15:33
Zorakılığa məruz qalan qadınların əksəriyyəti qeyri-rəsmi nikahda olanlardır

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə 2017-ci ilin ilk 6 ayında (yanvar-iyun) 220 müraciət daxil olub.

Təşkilatdan AFN-ə verilən məlumata görə, təhlillər göstərir ki, ölkənin əksər rayon və şəhərlərindən müraciətlər var. Lakin bölgələr üzrə rəqəmləri araşdırdıqda bəzi rayonlardan müraciətlərin az, digərlərindən isə daha çox olduğu görünür. Bakı üzrə müraciətlərin sayına görə Binəqədi rayonu üstünlük təşkil edir. Bu rayondan 2017-ci ilin ilk 6 ayı ərzində müraciətlərin sayı 21 olub. Bunu isə bir sıra faktorlarla izah etmək olar. Belə ki, rayonda əhali sayının digər rayonlara nisbətən daha çox olması, sığınacağın bu rayon ərazisində yerləşməsi, polis- QHT əməkdaşlığının yüksək səviyyəsi, eləcə də maarifləndirmə nəticəsində problemə yanaşmadakı fərqlilik bu rayondan müraciətlərin sayının artmasını şərtləndirir.
Məcburi köçkün rayonlarından müraciətlərin sayının azlığı da xüsusi qeyd edilməlidir. (Cəbrayıldan 2, Laçından 1 nəfər müraciət edib) Bu isə həmin rayonların qadın sakinlərinin nisbətən daha az problemlərlə qarşılaşdığı düşüncəsi yaratmaqla yanaşı, onların məlumatlılıq səviyyəsinin azlığı, sterotiplərə bağlılıq kimi səbəblərlə də izah oluna bilər. Bölgələr arasında müraciət sayına görə ilk üçlükdə Xaşmaz (10), Gəncə (9), Lənkəran (6) dayanır.
Təşkilata xarici ölkə vətəndaşlarından da müraciət daxil olur ki, 6 ayda bu müraciətlərin sayı 5 olub. Müraciətlər daha çox hüquqi yardım, sənədlərdə yaranan problemlər, ailədaxili zorakılqıla bağlıdır.

Müraciət edənlərin ailə vəziyyətinə nəzər saldıqda məlum olur ki, onlardan 71-i rəsmi nikahda, 52-si qeyri-rəsmi nikahda olanlardır. Həmçinin 44 nəfər subay, 25 nəfər boşanmış, 14 nəfər duldur, 14 nəfərin isə ailə vəziyyəti bilinməyib. 14 nəfər erkən nikaha girənlərdir. Bu bölmədə ən diqqətçəkən məqam qeyri-rəsmi nikahların sayının çox olmasıdır (52 nəfər). Bu isə son illər ölkədə daha çox müşahidə edilən və narahatlıq yaradan nikahdankənar uşaqlar məsələsini də aktuallaşdırır. Bu qəbildən olan müraciətçilər əsasən ailədəxili zorakılığa məruz qaldıqlarını bildirirlər ki, qeyri-rəsmi nikah statusu ailələrin bu vəziyyətlə üzləşən qızlarının problemlərinə müəyyən qədər biganə yanaşmasına təkan verir. Müraciət edənlərin 14 nəfəri erkən nikahda olub ki, bu da ölkədə hələ bu problemin qaldığına işarədir.

Müraciət edənlərin uşaqlarının sayı ilə bağlı statistik məlumatların təhlili göstərir ki, ölkədə uzun illərdən bəri ənənə halını alan 2 uşaqlı ailələr daha çoxdur. Bununla belə, 5 və hətta 6 uşaqlı ailələrə də rast gəlinir ki, bu ailələrdən də qadınların müraciəti əsasən sosial problemlər, həyat yoldaşının ailəni saxlamaması, zorakılıq və hətta övladların öz valideyninə qarşı təzyiqləri ilə bağlı olur. Belə nümunələrdən birində çoxuşaqlı ana heç bir övladının ona sahib çıxmadığını və küçədə gecələməyə məcbur qaldığını bildirib.

Müraciətlərin böyük əksəriyyəti (139 nəfər) qarşılaşdıqları problemlərlə bağlı həm hüququ, həm psixoloji, həm də tibbi yardım almaqla bağlı olub. Məhkəmələrdə təmsilçilik, sənədlərin düzəldilməsi, əmlak bölgüsü kimi məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib. Sosial problemlərin həlli üçün müraciətlər də qeydə alınıb ki, təşkilat həmin şəxsləri əlaqədar qurumlara istiqamətləndirib. Diqqətçəkən məqamlardan biri də müraciət edənlər arasında psixoloji yardım almaq arzusunu bəyan edənlərin çoxluğudur. Bir neçə il əvvəllə müqayisədə psixoloqa müraciətlə bağlı stereotiplərin aradan tədricən qalxması problemlərin həlli imkanlarını artırır. Zorakılığa məruz qalanlar arasında evdən qaçma hallarının da artmaqda olduğunu söyləmək mümkündür. Xüsusilə yeniyetmə qızlar arasında ailədə gördüyü qeyri-insani davranış səbəbilə evdən qaçdığını bildirənlər var. Bu hallar ciddi və hərtərəfli araşdırmalardan sonra hesabata daxil edilir.

Müraciətlərin növünə gəldikdə təhlili maraqlı məqamları üzə çıxarır. Müraciətçilərlə aparılan söhbətlər və onlar tərəfindən təqdim edilən məlumatların araşdırılması göstərir ki, ailədaxili zorakılıq hələ də təşkilata müraciətlərin əsas səbəbi olaraq qalır. Həyat yoldaşı, qeyri-rəsmi nikahda yaşadığı şəxs, yaxud valideynləri tərəfindən zorakılıq gördüyünü bildirən qadınlarla aparılan söhbətlər motivin bir çox halda eyni olduğunu ortaya qoyur. Ailənin maddi təminatının olmaması, qadınların ikinci və yanlış seçimi bu sırada ilklərdəndir. Bölmənin ən diqqətçəkən məlumatlarından biri də təcavüzlə bağlı müraciətlərin olmasıdır ki, bu sahə Azərbaycan qadını üçün xeyli qapalı və tabu hesab edildiyindən mövzu barəsində danımaq nadir görünür. İndiki halda 6 ayda azı 3 nəfərin ailədə cinsi zorakılığa məruz qaldığını bildirməsi (rəsmi və qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən) mövzunun qadağalar siyahısından tədricən çıxmağa meylli olduğunu göstərir. Müzakirələr göstərir ki, zorakılığa məruz qalan digər qadınlar arasında da cinsi zorakılıq qurbanları var, lakin onlar bu barədə danışmağı məqbul hesab etmirlər. O cümlədən boşanmaların səbəbləri arasında cinsi uyumsuzluq olduğu halda, hər iki tərəf bunu daha çox “xasiyyətlərin uyğun gəlməməsi” qrafasında qeyd edir. Müraciətlərin təhlili insan alveri ilə bağlı ölkədə aparılan davamlı və məqsədyönlü tədbirlərin nəticəsini verdiyini də söyləməyə əsas verir. Rəsmi və qeyri-rəsmi nikahda yaşayan ailələrdə boşanma və ya ayrılma zamanı ata tərəfindən alimentin ödənilməməsi də problem olaraq qalır (8 müraciət). Bu istiqamətdəki müraciətlərdə nikahını davam etdirdiyi və boşanmaq niyyətinin olmadığı həyat yoldaşından övladlarına baxmadığına görə rəsmən aliment tələbi də qeydə alınıb. Bu isə qadınların öz hüquqları və mövcud qanunvericiliklə bağlı məlumatlılıq səviyyəsinin əvvəlki illərə nisbətən artdığını göstərir.

Ümumilikdə, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə müraciət edənlərdən böyük əksəriyyəti (125 nəfər) öz istəklərinə müvafiq olaraq təşkilatın sığınacağına yerləşdirilib. Sığınacağa yerləşdirilən şəxslərlə bağlı bütün prosedur qaydalarına ciddi əməl olunub, onlar psixoloji, hüquqi yardımla təmin edilib, daha sonrakı mərhələlərdə işlə təminat həllini tapıb. Tibbi problemlərin həlli üçün 23 nəfərə göndəriş verilib. Təşkilat bu məsələdə Kliniki Tibbi Mərkəzin rəhbərliyi və kollektivinə göstərdikləri diqqətə görə təşəkkür edib. 

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort